Modern.az

Tanınmışlar bayramı necə qeyd edir... – “İmkanım olsaydı, mən də restorana gedərdim”

Tanınmışlar bayramı necə qeyd edir... – “İmkanım olsaydı, mən də restorana gedərdim”

20 Mart 2023, 13:09

Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Baharın gəlişini müjdələyən bayramı kimisi evdə, kimisi də bahalı restoranlarda və ölkə xaricində keçirir.

 

Bəs tanınmış insanlar Novruz bayramını necə qeyd edirlər? 

 

Modern.az bununla bağlı müxtəlif sahələr üzrə sayılıb-seçilən şəxslər arasında sorğu keçirib.

 

Milli Məclisin deputatı Ülviyyə Ağayeva bayram günü evdə olacağını deyib: "Bayram günlərində Bakıda olacağam. Bayramı evimdə öz ailəmlə birlikdə qeyd edəcəyəm".

 

 

Xalq artisti Səidə Quliyeva: "Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Xalqıma bol ruzi-bərəkət arzu edirəm. Mən Movruz bayramını təmtəraqla qeyd etmirəm. Bayramlarda adətən öz evimdə, ailə üzvlərimlə birlikdə oluram. Novruz el bayramıdır, doğmalarla, əziz insanlarla birlikdə qeyd etmək lazımdır. Bu bayramda kim sevinirsə, mən sevinirəm, kim kədərlənirsə, mən də kədərlənirəm. Allah bizə kədər, qəm, qüssə nəsib etməsin".

 

 

Xalq artisti, tanınmış müğənni Bilal Əliyev Novruz bayramını qeyd etməyəcəyini bildirib:

 

"Mənim böyük bacım rəhmətə getdiyinə görə bayramı qeyd etməyəcəyik. Ailə üzvləri ilə birlikdə qəbir üstünə gedəcəyik, daha sonra ehsan paylayacağıq".

 

 

“Mauqli” ləqəbli məşhur kikboksçu Zabit Səmədov: "Mən Novruz bayramını evdə ailə üzvlərimlə birlikdə qeyd edəcəyəm".

 

 

Politoloq Qabil Hüseynli bayramda qızıgildə olacağını söyləyib: "Mən bayramı Bakıda qızımın evində nəvələrimlə birlikdə keçirəcəyəm. Təəssüf ki, səhhətimlə əlaqədar olaraq doğulduğum Tərtər rayonuna gedə bilmirəm. Orada valideynlərimin və vəfat etmiş qardaşlarımın qəbrini ziyarət edə bilmirəm".

 

 

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: "Tanınmış dediyimiz adamların bir çoxunun Novruz bayramını hansısa dəbdəbəli məkanda, restoranda, istirahət mərkəzində keçirməyə imkanı yoxdur. Tanınmış insanlardan biri də mənəmsə, mən Novruz bayramını evdə ailə üzvlərimlə birlikdə keçirəcəyəm. Ümumiyyətlə, biz dədə-babadan eşitmişik ki, insanlar Novruz bayramını öz evlərində, ailə üzvləri ilə birlikdə qeyd etməlidir. Hələ biz Qarabağda yaşayarkən də belə idi. İmkanı olan insanlar bayramı hansısa rayonda, yaxud xarici ölkədə keçirirdi. Mən buna bir söz deyə bilmərəm. Hər şey imkanla bağlıdır. Mənim imkanım bayramı ailə üzvlərimlə birlikdə keçirməyə yetir. Bu il də Novruz bayramını Bakıda ailə üzvlərimlə birlikdə qeyd edəcəyəm".

 

 

Aytac Əsədova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü