Modern.az

Ermənilər yeni müharibəyə hazırlaşır... - Toqquşmalar OLACAQ

Ermənilər yeni müharibəyə hazırlaşır... - Toqquşmalar OLACAQ

Ölkə

23 Mart 2023, 09:35

Ermənistanın Laçın yolu ilə Qarabağa hərbi daşımalarının qarşısı alındıqdan sonra İrəvan separatçıları alternativ torpaq yolla silahlandırmağa və gücləndirməyə başladı. Müdafiə Nazirliyi bir neçə dəfə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz hərbi daşımaların görüntülərini yayıb. Qanunsuz hərbi daşımaların Rusiya sülhməramlıları tərəfindən müşayiət edildiyi görünür. 

 

Bir neçə gün əvvəl də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bu məsələyə toxunub. Dövlət başçısı bildirib ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda Prezident Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.

 

Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Ümumilikdə vəziyyətin gərginləşdiyi hiss edilir. Bəs bu gərginliyin nəticəsi nə olacaq? Yeni müharibə başlaya bilərmi?

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, bütün bu olanlar ciddi toqquşmanın yaşanacağından xəbər verir.


"Toqquşmalar olacaq ancaq yeni bir müharibənin olması real görünmür. Çünki Ermənistanın elə bir gücü qalmayıb. Onlar İkinci Qarabağ müharibəsindən bəri hələ də ordusunu normal vəziyyətə gətirə bilməyib. Paşinyan sülh müqaviləsini imzalamamaq üçün təxribatlara əl atacaq. Separatçıların Qarabağdan çıxarılmaması və oraya qanunsuz silahların daşınması bunun olmasına zəmin yaratdı. Bütün bu məsələlər Rusiya tərəfindən tənzimlənir",- deyə ekpert bildirib.


Ü.Cəfərov vurğulayıb ki, toqquşmalar nəticəsində ciddi itkilər olacaq: "Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrindən həm sayca az, həm də təcrübə baxımından yetərsizdir. Toqquşmalar nəticəsində hər iki tərəfdən itkilər olacaq. İndiki situasiyada məsələ fərqlidir. Azərbaycan Ordusunun İrəvana gedəcək qədər gücü var.

 

Ancaq bəzi qüvvələr istəyir ki, iki dövlət arasında hər zaman müharibə olsun və sülh müqaviləsi imzalanmasın. Bu addımları atan güclərdən biri də məhz Rusiyadır. Azərbaycan erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması barədə bəyanat verir, ancaq biz bunun əksini görürük. Əksinə Ermənistan tərəfindən rus sülhməramlılarının gözü önündə torpaqlarımıza silah daşınır. Təbii ki, bunun nəticəsi olaraq qısa müddətli toqquşmalar baş verəcək. Ciddi itkilərin olacağı da qaçılmazdır. Biz Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqəsi qurub, daha sonra antiterror əməliyyatına başlaya bilərik. Blinkenin Azərbaycan Prezidentinə dediyi söz ölkəmiz üçün bir əsas idi. Çünki ABŞ rəsmi olaraq qeyd edirdi ki, Azərbaycanın təhlükəsizlik məsələlərini anlayışla qəbul edirik. Bunun açıqlaması isə odur ki, sərhəddə post yaradılaraq qanunsuz yüklərin qarşısı alınmalıdır". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?