Modern.az

Ermənilərin 907-ci düzəliş \"arzusu\": ABŞ İrana qarşı Azərbaycanı qoruyacaq!

Ermənilərin 907-ci düzəliş \

24 Mart 2023, 11:54

Bir neçə gün əvvəl ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr keçirilib. Proses zamanı Komitənin sədri, ermənipərəst senator Bob Memendez ABŞ dövlət katibi Entoni Blinkenə Azərbaycanla əlaqəli təxribatçı suallar ünvanlayıb. O, Blinkendən 907-ci düzəlişin niyə dayandırılmadığını soruşub.

 

1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadğan edir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri ABŞ prezident administrasiyaları bu hüquqdan müntəzəm olaraq istifadə edirlər. Sonuncu dəfə Dövlət Departamenti 21 iyun 2022-ci ildə düzəlişi dayandırmaq barədə qərar qəbul edib.

 

Blinken Menendezin 907-ci düzəlişin niyə dayandırılmadığının və ABŞ-ın niyə Azərbaycana hərbi yardım göstərməsinin səbəblərini açıqlayıb. O qeyd edib ki, sülhməramlı missiyalarda iştirak çərçivəsində Azərbaycan Silahlı Qüvvələri ilə NATO arasında qarşılıqlı fəaliyyət gücləndirilib. Blinken ikinci səbəb kimi bildirib ki, Azərbaycanın İranla uzun sərhədi var və onu qorumaq lazımdır.

 

Bəs, ABŞ ümumiyyətlə 907-ci düzəliş aradan qaldırıla bilərmi?


Mövzu ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib ki, icraçı hakimiyyət hər zaman 907-ci düzəlişin aradan qaldırılmasını istəyib.

 

"Əslində bu mövzunun uzun bir tarixi var. ABŞ-da icraçı hakimiyyət 907-ci düzəlişin aradan götürülməsi tərəfdarı idi. Ancaq qanunverici hakimiyyət çalışır ki, 1992-ci ildə qəbul olunmuş, əsası olmayan düzəliş qüvvədə qalsın. İcraçı orqanı təmsil edən Blinkenin söylədikləri əslində yeni deyil. Konqresdə olan indiki ab-hava hər zamankı kimi düzəlişin aradan götürülməsinə imkan verməyəcək", - deyə o bildirib.


T.Zülfüqarov vurğulayıb ki, ermənilərə dəstək verən qüvvələr bu düzəlişdən Azərbaycana qarşı hər zaman istifadə ediblər: "Blinkenin verdiyi bəyanatın səbəblərindən biri Azərbaycan-İran münasibətlərinin gərginləşməsi ola bilər. Amma birmənalı olaraq demək olar ki, 907-ci düzəliş ölkəmizə qarşı ermənipərəst qüvvələr tərəfindən hər zaman istifadə olunub. Mən əminəm ki, bu mövzu ətrafında konqresdə həmin güclər tərəfindən müxtəlif fikirlər səslənəcək. Ümumiyyətlə qeyd etmək lazımdır ki, ötən il respublikaçılar öz mövqeylərini gücləndiriblər. Bu, aralıq seçkilərdən sonra oldu. Məhz həmin vaxtdan başlayaraq Amerika administrasiyası bu bölgəyə daha diqqətlə yanaşmağa başlayıb. Çünki sözügedən qurumun təşəbbüsü ilə rəsmi Vaşinqton aktiv bir mövqeydədir. Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-ın vasitəçiliyi Aİ-dən fərqlidir. Təbii ki, bu fəallıq Rusiyaya qarşıdır. Çünki onlar Rusiyanın bölgədəki vəziyyətindən xəbərdardır. Bu baxımdan İrandan başqa anti-Rusiya siyasəti də ABŞ-ın əsas istiqamətlərindən biridir". 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı