Modern.az

Azərbaycanın şəhid analarından Türkiyə vətəndaşlarına MÜRACİƏT

Azərbaycanın şəhid analarından Türkiyə vətəndaşlarına MÜRACİƏT

Ölkə

12 May 2023, 09:30

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin anaları Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb. Modern.az saytı vasitəsilə qardaş ölkə vətəndaşlarına səslənən şəhid doğmaları mayın 14-də keçiriləcək seçki prosesini yaxından izlədiklərini deyərək, müxalifətin təmsil olunduğu "Millət İttifaqı"nın vahid namizəd kimi irəli sürdüyü Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun Azərbaycana qərəzli münasibətinin qəbuledilməz olduğunu diqqətə çatdırıblar.

 

Müraciətdə bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsində Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri olub. Eyni zamanda qeyd edilib ki, Azərbaycan və Türkiyənin "Bir millət iki dövlət" prinsipi əsasında möhkəmlənən qardaşlıq əlaqələrinə heç kim xələl gətirə bilməz. Bu mənada şəhid anaları Türkiyə vətəndaşlarını ölkənin nüfuzunun yüksəlməsinə çalışan, Azərbaycanla münasibətlərə önəm verən və Türk dünyasının birliyini dəstəkləyən namizədə səs verməyə çağırıblar. 

 

 

Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova Kılıçdaroğlunun təqdim etdiyi "Türk yolu" xəritəsində Azərbaycanın yer almamasını CHP liderinin ölkəmizə qeyri-dost münasibətindən irəli gəldiyini düşünür.  

 

“Bizim Türkiyənin Prezidenti kimi tanıdığımız bir lider var, o da Rəcəb Tayyib Ərdoğandır. Ərdoğanın qoyduğu xəritəyə inanırıq və onu dəstəkləyirik. O xəritəylə də gedirik. Kılıçdaroğlunun göstərdiyi xəritə bizi nə  qane edir, nə də maraqlandırır”.

 

R.Qurbanova bu dəfə də Ərdoğanın seçiləcəyinə ümid etdiyini deyib:

 

“Türkiyə xalqı onun arxasında kimin dayandığını görür. "YouTube" kanallarından, sosial şəbəkə səhifələrindən də görürük ki, xalq Ərdoğan deyir. Bunun səbəbi soruşulduqda isə deyirlər ki, onun xalq üçün etdikləri hamıya məlumdur. Türkiyə vətəndaşları vaxtilə Ərdoğanı seçməklə düzgün qərar verib. Mənə elə gəlir ki, Allahın izni ilə bu seçkidə də Ərdoğanı seçəcəklər".

 

 

Vətən Müharibəsi şəhidi Əli Məhhərrəmovun anası Aybəniz Məhərrəmova da Türkiyə xalqını Ərdoğana səs verməyə çağırıb:

 

“Mən şəxsən Ərdoğanı dəstəkləyirəm və onun prezident seçilməsini istəyirəm. O bizə necə kömək olubsa, biz də ona dəstək olmalıyıq. Kılıçdaroğlunun yaydığı xəritə qərəzlidir. Hamı bilməlidir ki, türkün yolu Qarabağdan, Zəngəzurdan keçməlidir. Seçki proseslərini yaxından izləyirik. Ərdoğanın Prezident postunda qalmasını istəyirəm. Onun Azərbaycana dəstəyi çox olub, bunu dana bilmərik. Mən şəhid anası kimi ədalətin tərəfindəyəm. İstərdim ki, Türkiyə vətəndaşları düzgün seçim etsinlər. Mənim seçmək imkanım olsaydı, tərəddüd etmədən Ərdoğana səs verərdim”.

 

 

Vətən müharibəsi şəhidi Emin İsmayılovun anası Məlahət İsmayılova da Kılıçdaroğlunun Azərbaycanla bağlı mövqeyinin haqsız olduğunu söyləyib. 

 

“Türkün yolunu Türk dünyası müəyyən edə bilər, Kılıçdaroğlu yox. Bu yanaşma qəbuledilməzdir və Azərbaycanın əleyhinədir. Biz bunu qəbul edə bilmərik. Azərbaycanın "Türkün yolu"ndan kənarda qalması yalnız düşmənlərimizi sevindirə bilər".

 

Şəhid anası 14 may seçimlərində Ərdoğanı dəstəklədiyini vurğulayıb: 

 

“Ərdoğanın Azərbaycana münasibəti hər zaman yaxşı olub. Biz onun dəstəyini Vətən Müharibəsində hiss etdik. 44 gün ərzində bizim yanımızda oldu. Ərdoğanı dəstəkləmək bizim vəfa borcumuzudur. İnanıram ki, Türkiyə vətəndaşları da ölkənin xoşbəxt gələcəyi naminə Ərdoğana səs verəcəklər”.

 

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu seçkiöncəsi “böyük layihə” adı altında video müraciət yayıb. Sözügedən videoda Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə canlandıracağını vəd etdiyi “Yeni İpək Yolu” haqqında xəritə əks olunub. Prezidentliyə namizədin təqdim etdiyi xəritə birmənalı qarşılanmayıb. Belə ki, Kılıçdaroğlunun vəd etdiyi “Yeni İpək Yolu” layihəsinin Azərbaycandan keçməməsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub.  

 

Xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir. Bununla da Kılıçdaroğlu "Yeni İpək Yolu" layihəsində Azərbaycanın yer almadığını nümayiş etdirib. 

 

Xatırladaq ki, 14 mayda Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınmışdı. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır. Mayın 11-də İnce namizədliyini geri götürdüyünü açıqladıqdan sonra prezidentlik uğrunda yarışda iştirak edənlərin sayı 3-ə düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı