Modern.az

Böyük Qayıdışı təmin edən qəhrəmanların GÜNÜ...

Böyük Qayıdışı təmin edən qəhrəmanların GÜNÜ...

Ölkə

18 İyul 2023, 15:22

Bu gün ANAMA əməkdaşlarının peşə bayramı qeyd olunur. 

 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 1998-ci il 18 iyul tarixində Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə yaradılıb. 2021-ci ildə isə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasına qərar verilib.

 

44 günlük Vətən müharibəsindən sonra ANAMA işğaldan azad olunmuş ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsi kimi çox məsuliyyətli, bir o qədər də təhlükəli missiyanın icrasına başlayıb. Agentlik hazırda işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirir.

 

Böyük Qayıdışın təmin olunmasında misilsiz xidmətləri olan ANAMA əməkdaşları hər addım başı təhlükə ilə üzləşir, buna rəğmən keçmiş köçkünlərin öz doğma yurdlarına qayıdış yolunun açılması istiqamətində böyük səy nümayiş etdirir.



 

Deputat Arzu Nağıyev Modern.az-a bildirib ki, ANAMA işçiləri “Böyük Qayıdış”ı təmin edən əsas fiqurlardır.


"Peşə bayramı münasibəti ilə ANAMA-nın rəhbərliyini və əməkdaşlarını təbrik edirəm. Onlar çox böyük işlər görürlər. Elə yarandığı ilk gündən müqəddəs işlə məşğuldurlar. İşğal altında olan ərazilərimizdə ermənilərin törətdiyi vandalizm və minaların basdırılması insan üçün ən böyük təhlükədir. Bunun qarşısını almaq, torpaqlarımızı minalardan təmizləmək müqəddəs iş kimi qəbul edilməlidir. Çünki ANAMA işçiləri Böyük Qayıdışı təmin edən ən əsas fiqurlardır", - o qeyd edib.

 

A.Nağıyevin sözlərinə görə, ANAMA işçiləri qısa zaman kəsiyində yaşayış məskənlərinə köçün başlamasında böyük rol oynayıb:

 

“Bu gün məlum məsələdir ki, minalardan təmizlənmə nə qədər sürətlə getsə, qayıdış proqramlarımız bir o qədər tez həyata keçər. ANAMA müasir texnologiyalardan istifadə edir və savadlı kadrlar yetişdirir. Ən mühüm məsələlərdən biri texnologiyalardan istifadə edərək, gələcək üçün uğurlu addımlar atılır. Minatəmizlənmə prosesi itkisiz keçmir. ANAMA əməkdaşları arasında mina təmizləyərkən şəhid olanlar var. Həmçinin, yaralananlar da olub. Həyatını itirənlərə rəhmət, yaralananlara isə dinc həyata qayıtmağı arzu edirəm. Onlar böyük işlər görürlər. Hətta deyərdim ki, qısa zamanda bir sıra məntəqələrə köçün başlanması təmin olunub. ANAMA bu işdə böyük rola malikdir. Düşünürəm ki, onlar müqəddəs işi sonadək uğurla yerinə yetirəcəklər”.


Hərbi ekspert Ədalət Verdiyev isə söyləyib ki, ANAMA yarandığı ilk gündən indiyə qədər kifayət qədər geniş əraziləri minalardan təmizləyib.


“ANAMA 1998-ci ildən Azərbaycan Respublikasının işğaldan azad edilən, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalan ərazilərini minalardan və partlayıcı sursatların təhlükəsindən azad etmək məqsədi ilə yaradılıb. Yarandığı ilk gündən bəri ANAMA kifayət qədər geniş əraziləri təmizləyib. Bildiyimiz kimi, minaların təmizlənməsi həyata keçirilmədən nə quruculuq işləri, nə də vətəndaşlarımızın doğma yurdlarına qayıtması mümkündür”, - o deyib.

 

 

Ə.Verdiyev əlavə edib ki, ANAMA minatəmizləmə fəaliyyətini, eləcə də digər təmizləmə ilə məşğul olan qurumlarla əlaqəndirməni yüksək səviyyədə təşkil edir, paralel olaraq vətəndaşlarımız arasında maarifləndirmə proseslərini uğurla həyata keçirir.

 

“Azərbaycan dövlətinin dəstəyi sayəsində ANAMA təmizləmə işlərində dünyada mövcud olan bir çox müxtəlif texnologiyalardan, ö cümlədən dronlardan istifadə edir. Təkcə keçən ay ərzində ANAMA tərəfindən 552 partlamamış sursat, 63 piyada əleyhinə mina və 242 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 ay ərzində təmizlənən 2779 hektar ərazi bərpa-quruculuq işləri üçün aidiyyəti qurumlara təqdim edilib. Mən peşə bayramı münasibəti ilə ANAMA-da çalışan bütün əməkdaşları təbrik edirəm, onlara vacib və əhəmiyyətli fəaliyyətlərində uğurlar arzulayıram”, - hərbi ekspert vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək