Modern.az

Tarixə düşən 138 gün: Aksiya ilə bağlı kitablar yazılacaq, filmlər çəkiləcək...

Tarixə düşən 138 gün: Aksiya ilə bağlı kitablar yazılacaq, filmlər çəkiləcək...

29 Aprel 2023, 14:54

Laçın-Xankəndi yolunda 138 gün davam edən ekoloji aksiya müvəqqəti dayandırılıb. Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət mexanizminin yaradılması, yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin və hərəkətin təhlükəsizliyinin təmin edilməsi əsas gətirilərək aksiyanın dayandırılmasına qərar verilib. 

 

Buna baxmayaraq, ekofəallar bildiriblər ki, aksiya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha diqqətə çatdırıblar. Qeyd edilib ki, irəli sürülən tələblər yerinə yetirilməsə yenidən aksiyaların başlaması istisna deyil.

 

Bəs 138 günlük aksiyanın iştirakçıları nəyə nail oldular? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Laçın yolundakı aksiya Azərbaycanda vətəndaş cəmiyyətinin nə qədər güclü olduğunu nümayiş etdirdi:

 

"Bu aksiya vətəndaş cəmiyyəti ilə dövlətin, xalqın maraqlarının üst-üstə düşdüyünü bir daha göstərdi. Ermənistan nəzarət altında saxladığı ərazilərimizdəki təbii yataqlarımızı istismar edir. Ermənistan tərəfindən Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə hərbi texnika və şəxsi heyət daşınır. Bu isə yeni bir gərginliyin yaranmasına gətirib çıxarır. Şübhəsiz ki, Azərbaycan cəmiyyəti bu məsələdə öz dövlətinə, Prezidentinə dəstək olur. 138 gündə Azərbaycan gəncləri, ekofəallar, QHT nümayəndələri böyük əzmkarlıq nümayiş etdirdi".

 

 

Deputatın sözlərinə görə, Laçın-Xankəndi yolunda keçirilən aksiya tarixə düşəcək:

 

"Hesab edirəm ki, bu aksiya tarixə düşəcək. Gələcəkdə aksiya ilə bağlı kitablar yazılacaq, filmlər çəkiləcək. Azərbaycan gənci öz dövlətinə, milli maraqlarına olduqca bağlıdır və bunun üçün hər şeyə hazırdır. Biz bu əzmkarlığı 44 günlük Vətən müharibəsində gördük. Biz bu gücü hazırda Ermənistanla postda duran igid əsgərlərimizdə görürük. Biz eyni zamanda bu əzəməti ekofəallarımızda da müşahidə edirik".

 

 

Aydın Mirzəzadə hesab edir ki, aksiya iştirakçıları qismən öz məqsədlərinə çatıblar:

 

"Onlar öz məqsədlərinə çatdılar. Lakin unutmaq olmaz ki, Ermənistanın Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə 10 000-ə qədər əsgəri və hərbi texnikaları var. Biz hələ də faydalı yataqlarımızın yerləşdiyi əraziyə daxil ola bilmirik. Ancaq 23 aprel tarixində Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistanın ərazimizə nəzarətsiz müdaxilə etməsinin qarşısını aldı. Buna görə də ekoloji fəallar hazırkı situasiyada aksiyanı müvəqqəti dayandırdıqlarını bildirdilər. Bununla da cəmiyyət mesaj verdi ki, əgər yenidən Azərbaycan təbiətinə ziyan vurularsa, Ermənistan yenidən Qarabağa hərbi texnika yerləşdirərsə, təbii olaraq vətəndaş cəmiyyətinin növbəti dəfə aksiya keçirmək hüququ öz yerində qalır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?