Modern.az

Xəzərdəki zəlzələ sosial şəbəkələri necə SİLKƏLƏDİ...

Xəzərdəki zəlzələ sosial şəbəkələri necə SİLKƏLƏDİ...

4 İyul 2023, 17:38

Azərbaycanda gecə saatlarında baş verən zəlzələ əhali arasında təşvişə səbəb olub. İnsanlar evlərini tərk edərək, gecəni küçə və parklarda keçiriblər. Xəzər dənizində 5.7 bal gücündə qeydə alınan yeraltı təkanlar sosial şəbəkələri də silkələyib. Belə ki, bəzi sosial şəbəkə istifadəçilərinin həqiqətə uyğun olmayan informasiyaları tirajlaması, insanlar arasında panika yaradıb. Təəssüflər olsun ki, rəsmi xəbərlərin fonunda feyk məlumatların dövriyyəyə buraxılmasının qarşısını almaq mümkün olmayıb. 

 

Bəs bu cür dezinformasiyaların yayılmasında məqsəd nədir? Belə çirkin addımın arxasında hansısa xarici qüvvələr dayanır? 

 


Mövzu ilə bağlı Modern.az-a danışan deputat Nəsib Məhəməliyevin fikrincə, dezinformasiya yayanlar cəmiyyət içində çaşqınlıq yaratmaq istəyənlərdir.


“Ötən gecə baş verənlər texnogen hadisələrdir. Azərbaycan məlumdur ki, coğrafi cəhətdən aktiv zonada yerləşir. Tarixən də yeraltı təkanlar baş verib. Burada sadəcə əhalinin maarifləndirilməsinə ehtiyac var. Məsələnin digər tərəfi sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək, dezinformasiya yayanlardır. Bunu edənlər cəmiyyət arasında çaşqınlıq və panika yaratmaq məqsədində olan şəxslərdir”, - deputat deyib.


N.Məhəmliyev vurğulayıb ki, bu cür təxribatçı addımı atanlar Azərbaycan cəmiyyətinə qarşı qeyri-sağlam münasibət bəsləyir:

 

“Ona görə də, belə fürsətçilərə fikir vermək lazım deyil. Ümumiyyətlə, insanlarımız sosial şəbəkədə yayılan dezinformasiyalara deyil, əksinə bu sahədə olan mütəxəssislərin rəylərinə fikir verməlidir. Xəzər dənizinin daxilində hər zaman belə texnogen hərəkətlər olub. İnsanlarımız psixoloji olaraq özlərini belə situasiyalara hazırlamalıdır. Yaşından aslı olmayaraq hər kəs bilməlidir ki, bu cür məqamlarda necə davranmaq lazımdır”. 

 


Deputat Aydın Mirzəzadə isə hesab edir ki, bəzi vətəndaşlar zəlzələ zamanı təmkinlə davranıblar:


“Vətəndaşlarımızın təmkinli davranmasını yüksək qiymətləndirirəm. Düzdür, zəlzələ hər yerdə hiss edilmədi, ancaq insanlar ehtiyat üçün öz mənzillərini tərk edərək, həyətə düşdülər. Mən özüm küçədə olmasam da, vətəndaşların sakit və mütəşəkkil şəkildə gözləmələrini gördüm”.


A.Mirzəzadə sosial şəbəkələrdə saxta məlumatların yayılmasında anti-Azərbaycan şəbəkəsinin xüsusi rol oynadığını qeyd edib.

 

“Təəssüf ki, biz məlumatların çoxsunu sosial şəbəkələrdən alırıq. Kimlərin bundan necə istifadə etməsi isə başqa məsələdir. Baxmayaraq ki, sosial şəbəkənin Azərbaycan dilində ayrıca bir bölümü var, buraya xaricdən kifayət qədər müdaxilələr olur. Bunlar Ermənistandakı xüsusi xidmət orqanları, xaricdə olan anti-Azərbaycan dairələridir. Sadalanan dairələr cəmiyyətimizdə polemika yaradacaq materiallar yaymaqla ixtisaslaşıblar. Mən də həmin məlumatlara rast gəldim. Ötən gecə zəlzələnin hansı gücdə və nə vaxt olacağı ilə bağlı informasiyalar mənə də gəlirdi. Təbii ki, ziyalı və hazırlıqlı insan ona inanmaz. Çünki zəlzələnin dərəcəsini və vaxtını bilmək qeyri-mümkündür. Həmin dairələr guya dağıntıların olması ilə bağlı saxta xəbərlər dərc edirdilər. Onlar 10 adamı belə inandırsa, bunu uğur hesab edirlər. Biz sosial şəbəkədən istifadənin mükəmməlliyinə doğru getməliyik. Cəmiyyətimiz 100 faiz savadlıdır, ali təhsillilərin sayı 50 faizə çatır. Buna görə də biz ağı-qaradan, həqiqəti yalandan ayırmalıyıq. Hər şeydən öncə rəsmi məlumatlara istinad etməliyik. Çünki Azərbaycan dövləti vətəndaşına vaxtında dəqiq məlumat verməyə çalışır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi