Modern.az

Bizimlə incə zarafatlar edərdi... - Deputatlar Hacı Madərdən danışır

Bizimlə incə zarafatlar edərdi... - Deputatlar Hacı Madərdən danışır

Parlament

14 İyul 2023, 16:42

Bu gün Milli Məclisin qocaman deputatı Madər Musayev vəfat edib. Bir müddətdir xəstəlikdən əziyyət çəkən M.Musayev 75 yaşında dünyasını dəyişib. O, bitərəf kimi müstəqillik dövründə 6 dəfə, ümumilikdə isə 7 dəfə seçilən yeganə millət vəkili olub.

 

Ömrünün 33 ilini deputat fəaliyyətinə həsr edən Madər Musayevin həmkarları onunla bağlı xatirələrini Modern.az-la bölüşüblər.

 

 

Deputat Musa Qasımlı deyir ki, Madər Musayev sakit təbiətli insan olub:

 

“Madər Musayevin yaxınlarına, ailəsinə qohumlarına və seçicilərinə başsağlığı verirəm. Hacı Madər mülayim, sakit təbiətli bir insan idi. Həmçinin o, incə zarafatları olan bir şəxs idi. Allah rəhmət eləsin”,- o bildirib.

 

 

Siyavuş Novruzovun fikrincə, Madər Musayev Milli Məclisdə indiyədək heç kim xətrinə dəyməyib:

 

“Allah Madər müəllimə rəhmət eləsin, qəbri nurla dolsun. Onunla yaxın dostluq münasibətlərimiz var idi. Biz təxminən 23 il Milli Məclisdə yaxın məsafədə oturmuşuq. Həmçinin, birlikdə çox tədbirlərdə iştirak etmişik. Prezident və parlament seçkilərində də iştirak edirdi. Onun əhatəsində çox sayda insan var idi. Çünki getdiyi Bakı kəndləri və ya başqa ərazilərdə insanları dinləyir, onlarla maraqlanırdı. Çox gözəl, mülayim insan idi. O, hər kəslə xoş münasibətdə olan və heç kəsin xətrinə dəyməyən biri idi. Bizim üçün belə bir dostu itirmək çox çətindir. Allah rəhmət eləsin, övladlarının canını sağ eləsin”,- parlamentari qeyd edib.

 

 

Deputat Cavanşir Paşazadə isə vurğulayıb ki, Madər Musayev Azərbaycanın sayılıb-seçilən siyasətçilərindən biri idi:

 

“Madər Musayev bizim hörmətli deputatlarımızdan biri idi. Onunla uzun müddət bir yerdə millət vəkili olaraq fəaliyyət göstərmişik. Madər müəllim dövlətimizin müstəqilliyi dövründə böyük xidməti olan insandır. O, ölkəmizin sayılıb-seçilən siyasətçilərindən biri idi. Hacı Madər bu gün bizim aramızda yoxdur. Hər birimiz onun ruhuna dua oxuyuruq. Balalarının canının həmişə sağ olmasını diləyirik. Allah ailəsinə səbr versin”. 

 

Bir 2 nəfər şəkili ola bilər

 

Sabiq deputat Etibar Hüseynov: "Parlamentin ən stajlı millət vəkili rəhmətə getdi. 33 illik deputat olduğu dövrdə ondan narazı bir kimsə görmədim. Bəli, iclaslarda danışmırdı. Bu, onun haqda deyiləcək yeganə "qüsur" idi. Çünki başqa söz tapa bilmirdilər. Amma o, seçiciləri üçün parlamentdə boş-boş danışanların hamısından çox iş görürdü. O, ömrü boyu bir kasıbın, yetimin haqqına girmədi. Bacardığı qədər yaxşılıq elədi. Tam əminliklə deyirəm ki, parlamentə halal yolla seçilənlərdən biri də o idi. Çünki Binəqədi əhalisi arasında xətir-hörməti böyük idi. Ona görə də kənardan heç bir tanınmış şəxs onunla seçkilərdə kəllə-kəlləyə gəlməyə risk eləmirdi. Hacı həqiqətən də yaxşı kişi, hörmətli ağsaqqal idi. Hətta Milli Məclisdə belə hamı hörmətini saxlayırdı. Deputatlıqdan sonra rastlaşmamışdıq. Yalnız bayramlarda zəngləşib, təbrikləşərdik. Hər dəfəsində də məndən xahiş edərdi ki, "qədeş, verilişin efirə gedəndə xəbər eləməyi unutma. Sənin danışığın ləzzət eləyir".

 

Allah sənə rəhmət eləsin Madər kişi. Sən həqiqətən yaxşı insan idin. Yerin behişt olsun.."

 

Qeyd edək ki, Musayev Madər Ələsgər oğlu 26 noyabr 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Milli Məclisinin üzvü, bitərəf, eyni dairədən 6 dəfə təkrar seçilən, ard-arda müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə seçilən yeganə millət vəkili olub.



O, Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

 

M.Musayev XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

 

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib. 25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Evli idi və 3 övladı var.

Whatsapp
Bizə yazın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov