Modern.az

Bakıda soyqırımı muzeyi tikiləcək?..

Bakıda soyqırımı muzeyi tikiləcək?..

Parlament

12 Avqust 2016, 14:51

“Təkcə Xocalı soyqırımı ilə bağlı deyil, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər qətliamlarla bağlı ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı məlum sərəncamı var. 31 Mart Azərbaycanlıların Soyqrımı günü kimi qeyd olunması ilə bağlı olan həmin sərəncamda açıq-aydın bu fikir öz əksini tapıb. Yəni sərəncamda Bakı şəhərində soyqırımı abidəsi və muzeyi yaradılması göstərilib”.

Bu barədə Modern.az-a açıqlamasında deputat Elman Məmmədov danışıb.

 

“Soyqırımı muzey kompleksi Kirovun heykəlini yerində tikilməlidir”

 

Deputat soyqırımı muzey kompleksinin tikiləcəyi yeri də göstərib:

“Bu məsələ tərəfimdən dəfələrlə parlamentdə və mediada səsləndirilib. Mən həmişə bunu gündəmdə saxlamışam.  Bu gün Azərbaycanda soyqırımı abidəsinin və muzey kompleksinin yaradılması çox vacib məsələdir .

Hətta 8-10 il bundan qabaq mən onun yerini də təklif etmişdim. Soyqırımı muzey kompleksinin yeri keçmiş SSRİ zamanında Azərbaycan xalqına qarşı repressiya və cinayətlər törətmiş Sergey Kirovun abidəsinin yerində olmalıdır.

Mənim bu yeri təklif etməkdə məqsədim var. Çünki Türk və Azərbaycan şəhidlərinin məzarlığı da həmin əraziyə çox yaxındır. Ona görə də soyqırımı muzey kompleksi həmin yerdə açılsa, daha effektli olar”.

 

“Nəyəsə görə o kompleksin tikintisinə başlanılmır...”

 

Deputat bildirib ki, özü şəxsən hər dəfə parlamentdə bu məsələni xüsusilə qaldırır:

“Amma niyəsə bu illər ərzində mənim verdiyim təklif məqsədəuyğun hesab edilmədi. İndi də bu iş çox ləngiyir.

Milli Məclisin ötən çağırışının sonuna yaxın şəxsən mən soyqırımı muzey kompleksinin və abidəsinin yaradılması təklifini bir daha səsləndirdim. O zaman mənə parlament rəhbərliyi belə cavab verdi ki, “artıq bununla bağlı qərar qəbul edilib. Məsələ gündəmdədir, soyqırım abidəsinin layihəsi hazırdır və inşasına başlanılacaq”. Bəlkə də iş gedir, amma hələ ki, konkret bir xəbər yoxdur...

Əminəm ki, bu məsələ cənab Prezident İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da diqqət və nəzarətindədir. Düşünmürəm ki, yaxın zamanlarda Bakı şəhərində soyqırımı muzeyi və abidə kompleksi yaradılacaq.

Mən şəxsən Milli Məclisin qarşıdan gələn yeni sessiyasında bir daha bu məsələni gündəmə gətirəcəyəm.

Görək buna necə cavab olacaq. Ən azından bilək ki, bu günə qədər hansı işlər görülüb”.

 

“Bakıya gələn xarici qonaqlar, rəsmi və qeyri-rəsmilər niyə Xocalı abidəsini ziyarət etmirlər?”

 

Elman Məmmədov soyqırımı muzey kompleksinin yaradılmasının böyük əhəmiyyət daşıdığını da deyib:

“Soyqırımı muzey kompleksi çox vacibdir. Çünki Bakıya gələn rəsmi və qeyri-rəsmi xarici qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri  Xətaidəki Xocalı Soyqırımı abidəsini ziyarət etmirlər.

Bakıya gələn xarici turistlərin Qubada olan soyqırımı kompleksini, Xətaidəki Xocalı abidəsini və digər yerlərdəki soyqırımı monumentlərini ziyarət etməyə vaxtları olmaya bilər.

Bu baxımdan əslində soyqırımı muzeyinin  və kompleksinin yaradılmasının ən böyük əhəmiyyəti odur ki, turistlər və xarici qonaqlar ermənilərin Azərbaycan xalqının başına əsrlərdir gətirdikləri soyqırımı və müsibətləri bir muzey kompleksində görə bilsinlər.

Xocalı soyqırımını bütün dünyaya tanıtmaq üçün başda cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondu olmaqla böyük işlər görülür. Hörmətli Mehriban xanım Əliyevanın bu sahədə atdığı addımlar əvəzsizdir.

Amma deyin görək, Azərbaycana bu günə qədər gələn saysız-hesabsız rəsmi qonaqlar və təşkilat nümayəndələrinin hansı Xocalı abidəsini ziyarət edib? Belə şey olmaz axı...

Bu günə qədər Şəhidlər Xiyabanının girişində Xocalı soyqırımı ilə bağlı hər hansı abidə yoxdur. Amma bu, mütləq olmalıdır...

Ona görə ümumi olaraq soyqırımı muzey kompleksinin yaradılması çox vacibidir”.

 

“Ermənilər 10-15 günə qondarma abidələr tikdiyi halda, biz niyə 25 ildir ki, soyqırımı  muzeyi yarada bilməyək?”

 

Deputat tarixə ekskurs edib: “SSRİ zamanında İrəvanın mərkəzində  uydurma soyqırım abidəsi inşa etdilər.

İrəvanın Sərdarabad deyilən bölgəsində də eyni formada qondarma soyqırımı kompleksi tikdilər.

Ermənilər  200 ildən çoxdur ki, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı siyasəti aparırlar.

Belə olan halda axı niyə biz bunları yaddaşlara həkk etməyək? Axı niyə buna muzey yaradılmasın? Mənə elə gəlir ki, bu məsələni biz mütləq həll etməliyik.

Mən və o dövrdə Dağlıq Qarabağda yaşayan və Xankəndinə tez-tez gedib-gələn azərbaycanlıların gördüyünü sizə deyim.

Sumqayıtda 1988-ci ildə Qriqoryan adlı erməninin başçılıq etdiyi quldur-terrorçu dəstəsinin törətdiyi qırğınlar azərbaycanlıların adına yazıldı. Bütün dünyaya belə yaydılar ki, guya Sumqayıtda azərbaycanlılar erməniləri qırıblar. Neçə-neçə günahsız oğullarımız buna görə günahsız şəkildə güllələndilər.

Bunla belə, 7-10 günə ermənilər Yerevanda 1941-45-ci ilə aid olan abidənin yanında uydurma Sumqayıt hadisələrinə abidə qoydular. Ermənilər bunu 15 gün ərzində etdilər.

Bəs ermənilərin 15 günə etdiyini biz niyə 25 ildir edə bilmirik? Həqiqətən də bu çox maraqlı və düşündürücü sualdır. Hesab edirəm ki, bunun müxtəlif cavabları var.

Ümid edirəm ki, tezliklə Bakı şəhərinin mərkəzində ümumi soyqırımı muzey kompleksi tikiləcək”.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı