Modern.az

Azərbaycanda korrupsionerlərə qarşı növbəti əməliyyatlar OLACAQ

Azərbaycanda korrupsionerlərə qarşı növbəti əməliyyatlar OLACAQ

7 May 2024, 12:36

Azərbaycanda son həftələrdə korrupsioner məmurlara qarşı əməliyyatlar intensivləşib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müxtəlif vəzifəli şəxslərə qarşı əməliyyatlar keçirir. Xüsusilə səhiyyə sahəsində korrupsiya faktları araşdırılır.

 

1 həftə öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası”nın da vəzifəli şəxsləri məsuliyyətə cəlb edilib.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, dövlət korrupsiya ilə mübarizəni özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir:

 

“Vaxtaşırı hüquq-mühafizə orqanlarının bu və ya digər dövlət qurumlarında keçirdikləri əməliyyat barədə məlumat verilir. Əməliyyatlar ilk növbədə korrupsiya ilə məşğul olan,üzərinə düşən vəzifəni maddi maraq ünvanı kimi görən vəzifəli şəxslərə yönəlib. Bu bir daha göstərir ki, dövlət korrupsiya ilə mübarizəni özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir. Hər bir vəzifədə olan insan üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir və düzgün işləməyi özünə qayda bilməlidir. Təəssüf ki, bəziləri bunu unudur və əməllərinin üstünün açılmayacağını düşünürlər".

Deputat vurğulayıb ki, məsul vəzifə verilən hər bir şəxsə keçirilən əməliyyatlar dərs olmalıdır:

 

"Artıq neçənci dəfədir ki, bu və ya digər dövlət orqanının məsul şəxsi cinayət məsuliyyətinə cəlb edilir. Cəmiyyət də bu məsələlər barədə məlumatlandırılır. Keçirilən məhkəmə prosesləri barədə də geniş reportajlar verilir. Hamı üçün aydın olmalıdır ki, kiməsə məsul vəzifə verilibsə, ilk növbədə ondan xalq və dövlət üçün düzgün, səlis işləmək tələb olunur. Əks halda onları da məhkəmə salonunda hakimin suallarına cavab vermək tarixi gözləyir".

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər üzvü Arzu Nağıyev söyləyib ki, korrupsiya və rüşvətxorluq hər bir dövlətin demokratik dəyərlərinə zərbə vuran amillərdir:

 

"Korrupsiyaya qarşı mübarizə mütəmadi olaraq keçirilir. Bu,Azərbaycan dövlətinin prioritet siyasətlərindən biridir. İstər DTX, istərsə də Baş Prokurorluq tərəfindən həyata keçirilən son əməliyyatlar bir daha korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərdən olduğunun sübutudur. Korrupsiya kiminsə haqqına girmək, rüşvətlə bağlı cinayətlər həm ölkə daxilində, həm də xaricdə bir dövlətin demokratik dəyərlərinə zərbə vuran amillərdir. Hansı sahədə olursa-olsun korrupsiyanın qarşısının alınması vacibdir". 

Deputat korrupsiya əməliyyatlarının davamlı olacağını qeyd edib:

 

"Ali Baş Komandan cənab İlham Əliyev,dəfələrlə, məmurları, eyni zamanda vəzifə sahiblərini xəbərdar edib ki, korrupsiya ilə mübarizədə qətiyyətliyik və sona qədər gedəcəyik. Bu əməliyyatlar adi haldır. Demək olar ki, hüquq-mühafizə orqanlarının gündəlik keçirdiyi əməliyyatlardan biridir. Bu işdə həm də hüquq-mühafizə orqanları, KİV-lər mütləq şəkildə özlərinin təbliğat-təşviqat işlərini də yüksək səviyyədə aparmalıdırlar.  Hər bir məmur, dövlət işində və digər qurumlarda çalışanlar da bilməlidir ki, dövlətdə ən yüksək məsələ hüquq, dövlətçilik və qanunlardır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi