Modern.az

Platforma QHT qanunvericiliyini müzakirə etdi

Platforma QHT qanunvericiliyini müzakirə etdi

23 Yanvar 2017, 20:52

Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının növbəti toplantısı keçirilib. Modern.az saytı xəbər verir ki, toplantıda Platforma üzvü olan QHT-lər, Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə əlaqələndiricisi, deputat Vüsal Hüseynov,  Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov iştirak ediblər.

Platformanın koordinatoru Əliməmməd Nuriyev Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulan ölkələrin 4-cü qlobal, Paris sammiti barədə məlumat verib. Onun sözlərinə görə, sammitdə o və digər Platforma üzvləri – Avrasiya Əməkdaşlıq Fondunun icraçı direktoru Nailə Həşimova, Rasional İnkişaf  Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl iştirak edib.

 

Ə.Nuriyev bildirib ki, Paris sammitində Azərbaycan nümayəndələrinin təşəbbüsü nəticəsində Açıq Hökumət Tərəfdaşlığı Platformasında Vətəndaş Cəmiyyəti İştirakçılığı üzrə Direktoru Paul Maassen, Təbii Resurslar İdarəetmə İnstitutunun nümayəndəsi xanım Suneeta Kaimal və İnkişaf üçün Nəticələr təşkilatının nümayəndəsi cənab Nathaniel Heller ilə görüş keçirilib: "Görüşdə Azərbaycanda Açıq Hökumət təşəbbüsləri, Platformanın fəaliyyəti, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Platformanın yaradılması və formatı maraqla qarşılanıb. Platformanın strukturu, üzvlüyə qəbul məsələləri ilə bağlı suallar verilib. AHT üzrə beynəlxalq tərəfdaşlara bildirilib ki, Platformanın strukturu ilə bağlı müvafiq sənədlər hazırlanıb, yaxın zamanlarda  qəbul ediləcək".

 

Ə. Nuriyev bir daha vurğulayıb ki, Platformaya üzvlük açıqdır və əməkdaşlıq imkanları hamı üçün təqdim olunur.

 

Toplantıda AR “Nazirlər Kabinetinin "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda dəyişikliklər edilməsi barədə" qərarı və vətəndaş cəmiyyəti qarşısında duran vəzifələrlə bağlı da müzakirələr aparılıb.

 

Bu məsələnin müzakirəsi zamanı Ə.Nuriyev bildirib ki, qrant müqavilələrinin qeydə alınması ilə bağlı qaydalarda edilmiş dəyişikliklərdə Platformanın təklifləri nəzərə alınıb: “Qrant müqavilələrinin qeydiyyatına süni manəelər və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Qrant müqavilələrinin qeydə alınması üçün təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır, bir sıra sənədlərin notarial qaydada təqdim edilməsi ləğv edilir, qrant müqaviləsinin mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alınır, qrant müqavilələrinin (qərarlarının) qeydiyyat üçün təqdim edilməsi və baxılması müddətləri artırılır. Bütün bunlar qrant müqavilələrinin qeydiyyatı sahəsində hüquqi mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.

 

O, növbəti həftə qrant vermək hüququnun əldə edilməsi ilə bağlı qaydalarda dəyişikliklərlə bağlı qərar veriləcəyini diqqətə çatdırıb. Koordinatorun sözlərinə görə, QHT-ləri üçün yaxşılaşdırılması ilə bağlı tədbirlərin  görülməsi davam etdiriləcək.

 

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov isə qeyd edib ki, mövcud qanunvericiliyin tələbləri çərçivəsində dəyişikliklər hazırlanan zaman QHT-ləri narahat edən məsələlər maksimum nəzərə alınıb.

 

“Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov dəyişikliklərlə bağlı müsbət məqamları vurğulamaqla yanaşı, QHT-ləri narahat edən məsələləri də diqqətə çatdırıb, Platformanın təkliflər hazırladığını və müvafiq dövlət strukturlarına təqdim edildiyini xatırladıb. H.Həsənov eyni zamanda Vergilər Məcəlləsinə edilən son dəyişikliklərin QHT-lərin fəaliyyətinə hansı formada təsir edəcəyinin qeyri-müəyyən qaldığını və bir sıra məqamların ciddi müzakirəsinə ehtiyac olduğunu vurğulayıb.

 

Platformanın əksər üzvləri bu məsələlər və QHT-ləri narahat edən digər problemlərin həlli ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.

Platforma üzvləri Platformanın Əsasnamə layihəsini müzakirə ediblər. Əsasnamə layihəsi ilə bağlı təkliflər səslənib. Təkliflər nəzərə alınmaqla Platformanın Əsasnaməsi qəbul edilib.

 

Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə əlaqələndiricisi, millət vəkili Vüsal Hüseynov müzakirə olunan məsələlər, QHT-lərin qaldırdıqları problemlər və Əsanamə layihəsi ilə bağlı fikirlərini bölüşüb.

 

Müzakirələr zamanı qərara alınıb ki, QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklərlə bağlı Platformanın təklifləri yenidən nəzərdən keçirilərək, ümumiləşdirilsin və müvafiq dövlət qurumlarına bir daha təqdim edilsin.

 

Ə. Nuriyev bu məsələlərin müzakirəsi üçün Vergilər Nazirliyi rəhbərliyi ilə görüş keçirilməsini təklif edib. Platforma üzvləri bu görüşün keçirilməsi üçün təşkilati-texniki işlərin görülməsini koordinatora həvalə edib.

 

Platforma üzvlərinin milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri ilə bağlı hazırlanmış strateji yol xəritələri ilə bağlı müzakirələrin aparılması üçün AR Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisi xidməti ilə görüş keçirilməsi də qərara alınıb.

 

Ə.Nuriyev Platformanın Azərbaycan və İngilis dillərində saytının hazırlandığını və yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb. Platforma koordinatoru saytın formatı və məzmunu ilə bağlı təkliflər verilməsini xahiş edib. O, Platformanın loqosunun hazırlanması üçün elan veriləcəyi, Platformanın elektron bülletenlərinin hazırlanacağını da diqqətə çatdırıb.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır