Modern.az

“Yevda Abramov Rusiyaya işləyənlərin adını bilir”

“Yevda Abramov Rusiyaya işləyənlərin adını bilir”

Parlament

11 Aprel 2017, 16:31

Deputat Yevda Abramovun Rusiyanın Azərbaycandakı seçkilər üçün gizli namizəd hazırladığı barədəki açıqlaması müzakirələr səbəb olub.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli də məsələ ilə bağlı fikirlərini Modern.az-la bölüşüb.

Deputat deyib ki, Rusiya Azərbaycana təsir edə bilən bir nömrəli dövlətdir.

“Hətta deyərdim ki, dünya dövlətlərinin hamısı bir yerdə 50 faiz təsir edə bilirsə, tək Rusiya 50 faiz təsir edə bilir. Türkiyənin bir cəmiyyət kimi Azərbaycana təsiri böyükdür, amma dövlət kimi Rusiyanın təsiri böyükdür. Təbii ki, Rusiya Azərbaycanda prezident seçkilərində və digər seçkilərdə çalışır ki, ona yaxın insanlar seçilsinlər. Müəyyən təzyiq rıçaqları hazırlayırlar. Yəni özlərinin başqa namizədləri də olur. Öz istəklərinə nail olmaq üçün başqa təzyiq rıçaqlarından istifadə edirlər. Yadınızdadırsa, vaxtilə Milyaderlər İttifaqı yaradılmışdı. Bizim Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyov Milyarderlər  İttifaqının üzvü idi. Bəlkə də Rusiya Azərbaycan xalq hərəkatına nifrət edir. Ancaq xalq hərakatından Azərbaycan hakimiyyətinə qarşı təzyiq üçün istifadə edir. Bir sıra variantlar, ssenarilər hazırlayır”.

Tahir Kərimli  Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi barədə Rusiyanın Ədliyyə Nazirliyinin  Ali Məhkəməyə müraciətinin sıradan bir məsələ olmadığını bildirib.

“Rusiya avtoritar dövlətdir və Ədliyyə Nazirliyi yuxarıların razılığı olmadan çətin ki, bu addımı atardı. Bir yandan Azərbaycana daimi, istər Qarabağ və istər digər sahələrdə təzyiq mexanizmi saxlanılır. Digər yandan isə  bir sıra məsələlərdə ehtiyac var deyə, Azərbaycanla münasibətləri yoluna salmaq istəyirlər. Bilirsiniz ki, Azərbaycan prezidenti mümkün olan qədər  müstəqil siyasət yürüdür. Bunu görməmək mümkün deyil.

Rusiya qıcıqlanır ki, qonşusu olan kiçik bir dövlət belə müstəqil siyasət yeridir. Hətta 40 milyarda yaxın ehtiyat valyutası var.

Dünən Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezidentlə görüşüb. Şübhəsiz ki, onlar Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsini də müzakirə ediblər. Bunun baş verib-verməməsi isə tezliklə bilinəcək”.

Tahir Kərimli həmkarı Yevda Abramovun fikri ilə razı olduğunu qeyd edib.

“Vaxtilə Azərbaycanda rəhbər vəzifədə işləyib müəyyən imkanlarını itirən şəxslər ikili mövqedədirlər. Bir yandan Azərbaycana sadiqlik nümayiş etdirirlər və digər cəhətdən gücləri çatan qədər Azərbaycanın imicinə, Azərbaycana  zərər yetirməyə çalışırlar. Rusiyada da diaspor daxili mübarizə həyata keçirirlər. Çox narahatlıq yaradırlar. O ki qaldı həmin adamlara, yəqin ki, Yevda müəllim onları bilir, adını çəkməməsi isə hüquqi nəticələr törətdiyinə görədir. Bu məsələdə də doğru mövqedədir”.

Xatırladaq ki, Yevda Abramov ölkə.az-a müsahibəsində deyib ki, Rusiya Azərbaycanda seçkilərə gizli namizəd hazırlayır: “Bu namizədin kimliyini isə heç kəs bilə bilməz. Onu həmin gizli qüvvələr hazırlayır. Ona görə də son aylar artıq ölkəmizdə də bəzi qüvvələr "çikkildəməyə" başlayıb”.

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı