Modern.az

“Əsgərlərin isti otaqları, yorğan-döşək və yeməkləri olacaq”-Mehmandarovun xalqa müraciəti

“Əsgərlərin isti otaqları, yorğan-döşək və yeməkləri olacaq”-Mehmandarovun xalqa müraciəti

Ölkə

23 Dekabr 2017, 00:54

Modern.az Cümhuriyyətin yüzillik yubileyi münasibəti ilə ADR kadrlarına aid silsilə yazılarını davam etdirir. Bu dəfə Cümhuriyyətin həyata keçirdiyi hərb siyasəti, yoxdan bir ordunun yaranma tarixçəsinə, həmçinin, Mehmandarovun fərariliyin qarşısını almaq, gəncləri orduya cəlb etmək üçün atdığı maraqlı addımlardan danışacağıq.

 

Əvvəlcə onu deyək ki, ADR qurulan zaman ən vacib sahə də, həmçinin, ən çox boşluqların olduğu sahə də elə hərbi sahə idi. Bütün Çar Rusiyasının, Yaponiyanın ayaq üstə alqışladığı generallar Əliağa Şıxlinski və Mehmandarov Azərbaycan Cümhuriyyətinə yardım etmək üçün vətənə qayıdanda mülki bir şəxsin nazir olduğunu görürlər. Sonradan növbəti hökumət kabinetləri formalaşır və bu iki şəxs hərbi sahənin əsas simasına çevrilir. Hər şey də onların çiyinlərində idi.

 

Onların iştirakı və tövsiyyəsi ilə Cümhuriyyət hökuməti gəncləri orduya cəlb etmək üçün 1919-cu ilin sonunda “praporşik”lər məktəbinin əsasında Hərbiyyə məktəbi, Azərbaycan ordusu üçün milli hərbi kadrlar hazırlayan İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi və Hərbi feldşer məktəbi də açdı.

 

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının birinci cildində oxuyuruq: “Hərbi Nazirliyin fəaliyyəti sayəsində, çətinliklər olsa da, orduya çağırış işi yeni sistem əsasında quruldu. Nəticədə, əhali orduda xidmətə müsbət münasibət bəsləməyə başladı. Bir sıra məmurların qanunsuz hərəkətlərinə, varlıların rüşvət verərək, övladlarını hərbi xidmətdən azad etməsinə, fərarilik, zabitlər arasında intizamsızlıq hallarına baxmayaraq, ordu quruculuğunda müsbət dəyişikliklər üstünlük təşkil edirdi”.

 

Hərbi nazir Səməd bəy Mehmandarov ordu quruculuğundakı çətinliklərdən bəhs edərkən hələ 1918-ci ilin dekabrında göstərirdi ki, fərariliyin əsas səbəblərindən biri çağırış orqanlarının fəaliyyətinin düzgün qurulmaması ilə bağlıdır. O, açıqca bildirirdi ki, hərbi xidmətə yalnız rüşvət verib “canlarını qurtara bilməyən” şəxslər cəlb olunurlar və buna görə də qoşun hissələrində bir nəfər də olsun imkanlı adamın övladı yoxdur. İmkanlı adamların övladlarına yalnız “praporşik”lər məktəbində rast gəlmək olardı ki, onlar da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin əsas ağırlığı kasıbların üzərinə düşiirdü. 1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov hərbi xidmətə çağırışı yaxşılaşdırmaq məqsədilə xalqa müraciət etdi. Müraciət Azərbaycan və rus dillərində çap edilərək əhali arasında yayıldı:

“İndi isə qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və cəmi vətəndaşları, istər fəqir, istər dövlətli, əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını qələmdən salıb azad etsə, böyük cəzaya düçar olacaqdır və burası da məlum olsun ki, əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmağına mən çox çalışıram. Otaqları isti olacaq və hər bir əsgər üçün ayrı yorğan-döşək hazırlatmışam”.

 

Həyata keçirilən bu tədbirlər Azərbaycan ordusunun formalaşdırılması işini xeyli sürətləndirdi: “Güclü ordu formalaşdırılması üçün vacib olan müxtəlif hərbi strukturun yaradılması, qoşunların ərzaq və digər vasitələrlə təmin olunmasının yaxşılaşdırılması, həmçinin, zabitlərin maaşlarının vaxtaşırı artırılması həm Hökumətin, həm də Hərbi Nazirliyin daimi nəzarətində idi. Bu sahədə hərbi nazirliklə Nazirlər Şurası arasında sıx əlaqə yaradılmışdı. Hərbi nazir 1919-cu ilin aprelində ordunun formalaşdırılması üçün büdcədən ayrılacaq vəsaitin miqdarı barədə Hökumətə təklif verdi. Hökumət bu təklifi təsdiq etdi. Həmin vəsait 399,4 milyon manata bərabər idi ki, bu da dövlət büdcəsinin 27,7%-ni təşkil edirdi”. (həmin mənbədən).

 

Hazırladı: E. Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü