Modern.az

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı…  

İqtisad Universitetinin rektoru tələbələrə əlçatandırmı…   

11 Yanvar 2018, 10:02

Dünya təhsil sistemində universitet rektorları ilə tələbələr arasında olduqca səmimi münasibət mövcuddur. Bu faktı xaricdə, xüsusən də Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr də təsdiq edirlər. Rektorların tələbələr üçün əlçatan olması isə təhsilin inkişafına təsir edən amillər sırasına daxildir desək, yəqin yanılmarıq.

Görəsən Azərbaycan universitetlərində rektorların tələbələrlə münasibəti necədir? Və onların şikayətləri necə həll olunur? Onlar tələbələr üçün əlçatandırlarmı? Tələbələr öz rektorları ilə görüşə bilirlərmi?

 

Modern.az-ın “Tələbələr rektor barədə” rubrikasında ayrı-ayrı universitetdə təhsil alan tələbələrin öz rektorları barədə fikirlərinə yer verilir.

 

Budəfəki sorğumuzu Azərbaycan Dövlər İqtisad Universitetinin (UNEC) tələbələri arasında keçirdik.

Ədalət Muradov Prezidentin 5 mart 2014-cü il  tarixli sərəncamı ilə rektor təyin edilib. Bəs tələbələr rektorla bağlı nə düşünürlər? 

 

İqtisadiyyat fakültəsində təhsil alan Kubra Teymurlu hesab edir ki, Azərbaycanda  Ədalət müəllim kimi rektor azdır.

“Rektorumuz hər bir tələbəyə çox mehriban və səmimi münasibət bəsləyir. Cəmi 4 aydı rektoru tanımağıma baxmayaraq, düşünürəm ki, o bütün rektorlar arasında ən yaxşısıdır.

Biz UNEC tələbələri kimi elə bir rektorumuz olduğu ücün çox şanslıyıq.

Ədalət müəllim tələbəyə təkcə rektor kimi deyil, həm də onun valideyni kimi münasibət göstərir”. 

 

Biznes və menecment fakültəsinin tələbəsi Orxan Cəfərli rektoru tez-tez görməyi məntiqli hesab etmir.

“Sonuncu dəfə rektoru əsas korpusda keçirilən bir tədbirdə görmüşəm. Buna isə şəxsi münasibət deməyək. Amma münasibətə gəlincə, Ədalət müəllimi çox səmimi, tələbələrin fikirlərini dinləyən və onlara yol göstərən rector kimi tanıyıram.

Problemim olmadığı üçün müraciət etməmişəm. Nəsə problemimiz olsa, bəli, qəbula yazılıb görüşmək mümkündür. Tələbə ilə eyni süfrəyə oturmaq, çay içmək kimi hallar, yəqin ki, hansısa tələbələrlə olub, amma mən hələ ki belə mərasimlərə düşməmişəm”.

 

Maliyyə və mühasibat fakültəsi tələbəsi Namiq Nəsibov “Sabah” qruplarındakı təhsili digər fakültələrdə də görmək istəyir.

“Rektorumuz Facebook sosial şəbəkəsində aktiv şəkildə tələbələrlə ünsiyyətdə olur. Yeri gələndə, hansısa problemə görə müəyyən vaxtlarda iradımızı da bildirmişik. Anlayışla qarşılayıb. 4 il UNEC-də təhsil aldım, gördüm ki, Ədalət müəllim çox alicənab, humanist insandı.

Test imtahan üsulunu, sözün açığı, heç vaxt bəyənməmişəm. Fikrimcə, bu üsul əzbərçiliyə aparan bir sistemdi. Bu barədə yoldaşlarla birgə dəfələrlə müraciət etmişik. Biz 4-cü kursda təhsil alırıq, artıq bitirdik sayılar. Ancaq 1-ci kurslar hazırda yazılı üsul ilə imtahan verirlər.

Ədalət müəllimdən Facebook-da cavab ala bilirik deyə, qəbuluna yazılmağa əksər vaxt ehtiyac olmur. Bir cümlə ilə öz rektorumuzu digər universitet rektorlarından fərqləndirsəm, belə deyərəm: Rüşvətdən uzaq, ədalətə yaxın Ədalət müəllim.
Bunlar 2 fərqli xüsusiyyətlərdir. 2-si bir araya çox çətin hallarda gəlir.

Rektordan istəyim isə odur ki, bəzi fakültələr arasında diskriminasiya edilməsin”.

 

İqtisadiyyat fakültəsinin tələbəsi Toğrul Yusifzadə deyir ki, axırıncı dəfə rektoru universitetin akt zalında iqtisadiyyat fakültəsinə bu il qəbul olunan 335 gənclə tədbirdə görüb.
“Rektorumuz tələbələrin suallarına hörmətlə cavab verdi. Tələbələrlə olan münasibəti xoşuma gəldi. Gülərüz olması və sualları həvəslə cavablandırması mənim üçün xoş təsir bağışladı. Hər həftənin 2-ci günü universitetdə təklif və sikayəti olanları qəbul edir. Bəlkə də universitetdə yeni olduğuma görə bir çox şeydən xəbərsizəm”.

 

İqtisadiyyat fakültəsində təhsil alan Yusif Əlizadə deyib ki, rektorla 1-ci kursda yalnız bir dəfə bütün fakültə tələbələri arasında görüşdə ünsiyyətdə olub:

“O, əsas korpusda olur, adətən. Mən “Gənclik”dəki korpusunda oxuyuram. Bizim korpusa az-az gəlir. İndiyə kimi problemim olmayıb deyə, müraciət etməmişəm. Yalnız bir dəfə Facebook-da şəxsi səhifəsinə yazmışam. Cavab gözləyirəm. Ümumən bütün universitetlərdə təhsil standartı, sistem qurulub və hər şey öz axarında gedir. Test sistemi olduğundan imtahandan kəsilən çox az olur, heç kimdə də ciddi problem yaranmır.
UNEC-də ingilis sektoru ilə (İSE) digər fakültələr arasında yerlə göy qədər fərq var. Universitetin elə indiki reytinqini də SABAH və İSE fakültələri qaldırır.
Rektor təbii olaraq, idarəedici şəxsdir. Sırf ondan mənə və ya digər tələbələrə qarşı hansısa humanist bir jest gözləmirəm. Sadəcə, istəyim odur ki, bəzi lazımsız müəllimləri işdən azad edilsin.

Hazırda 2-ci kursda təhsil alıram. İqtisadiyyat ixtisası üzrə mühasibat fənni keçdik.Bu fənni ancaq qayda və düsturlar - şifahi biliklə öyrənmək mümkün deyil, istərdim praktika da olsun. Praktikada olmaq şərtdir”.

Əmtəəşünasliq fakültəsinin tələbəsi Nuranə Ələkbərova:

“Mən rektorla şəxsi ünsiyyət qurmamışam, amma rektorun qatıldığı hər bir tədbirdə iştirak edirəm. Rektorumuz bütün tələbələrə çox yaxşı, səmimi yanaşır və nə kömək lazım olsa, edəcəyindən əminəm. Cünki biz tələbələrə çox güzəştə gedib.
Məsələn, mənim bir balım çatmırdı yüksək qiymət üçün, “Feysbuk” səhifəsinə yazdım və sağ olsun, oxuyub cavablandırdı”.

 

“Sabah Mərkəzi” fakültəsinin tələbəsi Ayxan Nağızadə Ədalət müəllimin hər zaman tələbələrin xeyrinə qərarlar qəbul etdiyini vurğulayır.

“Sonuncu dəfə rektorla keçən il, mən 3-cü kursda oxuyarkən Facebook-da danışmışıq. İmtahan nəticələrinin yoxlanılması ilə bağlı, demək olar ki, bir növ irad mesajı yazmışdım. Rektorun cavabı məni qane etdi. Ümumiyyətlə tələbələrə münasibətini yüksək qiymətləndirirəm. Hər bir tələbənin fikrini dinləyir, hörmət edir və ən əsası hər zaman maksimum dərəcədə tələbələr üçün obyektiv qərarlar qəbul edir.
Zənnimcə, bizim rektorda da yeri gəlsə, tələbələrlə eyni süfrə arxasına əyləşər, çay içər və səmimi münasibət bəsləyər”.

 

Maliyyə və mühasibat fakültəsi tələbəsi Lalə Məmmədova hesab edir ki, UNEC brendi altında keçirdiyi bütün islahatlar Ədalət Muradovu digər rektorlar arasında fərqli edib.

“Mən rektorla düzünü desəm, şəxsi ünsiyyətdə olmamışam, amma eşitdiyimə görə, mülayim insandır.
Bizim universitetdə hər imtahan ərəfəsində “Açıq qapı” günləri olur. İmtahanla və ya başqa problemlə bağlı nəsə sualımz yaranarsa, rektorla rahatca görüşə bilirik. Ədalət müəllim tələbələrlə çox mehribandı, nə problem olmasına baxmayaraq, həmişə tələbənin xeyrinə iş görmək üçün çalışar. Onun tələbələrə qarşı hörməti və qayğısı bütün iş kollektivinə təsir göstərir.
Yazılı imtahandan test üsuluna keçilməsi, qiymətləndirmə formasının dəyişdirilməsi bizim rektoru fərqləndirir”.

 

Texnologiya və dizayn fakültəsinin 1-ci kurstələbəsi Lalə Ağabəyova deyir ki, o hələ təzədri və rektoru yaxşı tanımır.

“Rektorla heç vaxt ünsiyyətdə olmamışam, ümumiyyətlə tanımıram. Universitetdə bircə “zamdekanı” tanıyıram. Amma hələ ki rektorla heç görüşmək istəyim də yoxdur, çünki soruşacaq sözüm yoxdur”.

 

İqtisadiyyatfakültəsinin tələbəsi Azad Fərruxov rektorla ünsiyyətdə olmaq istədiyini vurğulayıb.

“Çünki kəsrim var, güzəşt etməsini istərdim. Münasibətə gəlincə isə çox səmimi insan olduğunu bilirəm.
3 həftədə bir dəfə korpuslara baş çəkir və tələbələrin suallarını cavablanldırır”.

“Beynəlxalq iqtisadiyyat məktəbi” fakültəsində təhsil alan Bahadur Məmmədovtəəssüflə qeyd edir ki, bütün rektorlar Ədalət müəllim kimi yaxşı deyil.

“Rektorla üz-üzə ünsiyyətdə olmamışam , amma tədbirlərdə həmişə tələbələrə çox yaxşı davranıb. Əsas odur ki, verilən suallara bizim anlayacağımız dildə, çox sadə və səmimi, hətta zarafatla cavab verib. Yəni çox da anlaşılmaz dildə, qarışıq cavablamayıb.

Rektor bildiyim qədərilə bəzi prezident təqaüdçüsü olan tələbələrlə görüşərək, bir stol arxasında onlarin təkliflərini dinləyərək qiymətləndirir. Məsələn, mənim qrup yoldaşım prezident təqaüdçüsüdür. Belə görüşlərin birində rektor deyib ki, tələbələr arasında şikayət və istəklərinə dair sorğu keçirin. Biz də müəyyən istəklərimizi bildirmişdik. Bunu yüksək qiymətləndirirəm. Əsası odur ki, adicə Facebook hesabında yazılan mesajlara cavab verir.

Bu il dostlarımdan biri akt zalındakı bir əyləncə tədbirinə rektoru Facebook vasitəsilə mesaj yazın dəvət etdi. Rektor vaxtı olsa, mütləq gələcəyini bildirmişdi.
Gəldi, tədbirdə iştirak etdi. Və sonda çıxışında da qeyd etdi ki, “bir tələbəmiz məni bir mesajla bura dəvət etdi, mən onun sayəsində buradayam”.

Digər universitetlərdən çox mənfi şeylər eşitmişəm. Daha doğrusu, bunu bütün publika bilir. Amma UNEC barədə bunu demək olmaz”.

Biznes və menecment fakültəsinin tələbəsi Leyla Qulami deyir ki, unversitetdə oxuduğu il yarım ərzində artıq bir neçə dəfə rektorla görüşdə olub. Bu isə Ədalət müəllimin tələbələrlə sıx ünsiyyətdə olmasının nəticəsidir:

“Universitetdə təşkil edilən tədbirlərə həvəslə qatılır, tələbələrə qarşı çox səmimi münasibət bəsləyir, səbrlə onları dinləməyi bacarır. Misal üçün keçən il Xocalı soyqırımı ilə bağlı biz tələbələr tərəfindən “1 gün əsirlikdə” adlı tamaşa hazırlanmışdı. Tamaşaya baxarkən kövrələn Ədalət müəllim, sonradan səhnə iştirakçısı olan tələbələri şəxsən qəbul edib bizə fəxri fərman təqdim etdi. Etiraf etmək lazımdır ki, bü gün İqtisad Universitetinin yüksək nüfuzu məhz Ədalət Muradovun rektor kimi fəaliyyəti dövründə aparılan işlərin nəticəsinə çox bağlıdır. İnanıram ki, universitetdə təhsilin səviyyəsinin daha da yüksəlməsi üçün işlər davam edəcək”.

 

Nəzrin Cavid

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir