Modern.az

İşgəncələrə Qarşı Komitənin sədri dövlət orqanlarını qeyri-şəffaflıqda itttihamladı

İşgəncələrə Qarşı Komitənin sədri dövlət orqanlarını qeyri-şəffaflıqda itttihamladı

18 Dekabr 2012, 13:52

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov illik hesabatla bağlı mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, E.Behbudov bildirib ki, bu il komitəyə 141 müraciət daxil olub. 141 müraciətin dördü ölüm halı ilə bağlıdır. Bu dörd ölüm halından üçü pentensiar xidmətdə baş verib. Komitə sədri qeyd edib ki, hərbi hissələrdən də müxtəlif müraciətlər daxil olur.

E. Behbudov müraciətlərlə bağlı dövlət orqanları ilə əlaqə saxladığını bildirib. “Müraciətlərdəki faktların çoxu öz təsdiqini tapmayıb. Yəni dövlət orqanlarının çoxu qeyri-şəffaf fəaliyyət göstərir, araşdırmaya meylli deyillər”.

Komitə sədri Ədliyyə Nazirliyinin Penitensiar xidmət orqanlarını tənqid edib və bildirib ki, Penitensiar Xidmət müraciətləri qəbul etmir. “Onlar imkan vermirlər ki, cəzaçəkmə müəssisələrində monitorinq aparaq. Bununla bağlı onlar birtərəfli araşdırma aparırlar. Bizim də müraciətlərimizi qəbul etmək istəmirlər”.
E. Behbudov bu məsələ də Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin yaxşı olduğunu bildirib. “MTN-nin təcridxanası tam normalara uyğundur. Orada hətta diabetik xəstələr üçün diabetik yeməklər də verilir”.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri məhkəmə orqanlarında çalışanların öz vəzifələrinin öhdəsindən layiqincə gəlmədiklərini bildirib. “Hakimlər sifarişli qərarlar çıxarırlar. Onlar müstəqil fəaliyyət göstərmirlər. Bununla yanaşı, Azərbaycanda müstəqil məhkəmə ekspertizaya ehtiyac var. Müstəqil ekspertiza aparılması üçün bu sahə yaradılmalıdır”.

Aqşin Kərimov

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir