Modern.az

Kəlbəcər ziyalıları və ağsaqqallarından İlham Əliyevə məktub

Kəlbəcər ziyalıları və ağsaqqallarından İlham Əliyevə məktub

23 Avqust 2013, 18:57

Gündən-günə çiçəklənən müasir Azərbaycan dövlətinin memarı ulu öndərimiz Heydər Əliyev inkişaf yolunun davamçısı Sizsiniz. Son on ildə Günəşli Azərbaycanın ildırım sürətli inkişafı və region dövlətləri arasında bərabəri olmayan iqtisadi və siyasi tərəqqisi bunun parlaq nümunəsidir.

Avropaya doğru uzanan kəmərlər və yollar, beynəlxalq nüfuzun artması, hərbi strategiyanın və taktikanın dünya standartlarına uyğunluğu Azərbaycanı daha güclü dövlətlər sırasına qaldırmışdır. Bütün bunlar XX əsrin dahiləri içərisində özünəməxsus dərin düşüncəsi, iti hafizəsi, uzaqgörən siyasəti və vaxtında kəskin qərar vermək bacarığı ilə seçilib, tarixin yaddaşında qalan Heydər Əliyevin layiqli davamçısı olan Sizin – cənab İlham Əliyevin gecəli-gündüzlü zəhmətinin bəhrəsidir. Bu, daim xalqa söykənən və xalqı arxasınca aparmağı bacaran dahilərə, sərkərdələrə xas olan xüsusiyyətdir.

Yaxşı deyiblər ki; “Nicat arxasında el olandadır”. Sizin arxanızda bütün Azərbaycan xalqı, Böyük Türk dünyası dayanmışdır. Ümumxalq istəyi həmişə Sizinlədir. Siz xalqımızı dünya miqyasında ləyaqətlə təmsil edirsiniz. Beynəlxalq aləmdə yüksək zirvəli tədbirlər məhz Azərbaycanda keçirilir. Bu mövcud şəraiti Siz yaratmısınız və həmyaşıdınız olan dünya dövlət başçıları arasında böyük fəxrlə, - bəli, bu mənəm, bura mənim doğma, azad, müstəqil Azərbaycanımdır, - demək şərəfinə nail olmusunuz. Bütün bu uğurların, inkişafın şahidi olan xalq bundan sonra da ölkənin rəhbər sükanını Sizin əlinizdə görmək istəyir və növbəti Prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyir. Çünki Heydər Əliyevin özü qədər inandığı İlham Əliyevə bu gün xalqımız bir prezident kimi ikiqat inanır. Ona görə də xahiş edirik, xalqın bu dəstəyini qəbul edin. Onsuz da Siz xalqın ürəyində ömürlük prezidentsiniz.

Bu gün yurd yanğısı, torpaq həsrəti ilə qovrulan, amma ümidini, inamını itirməyən biz qaçqın və köçkünlərin yeganə ümid yeri Sizsiniz. Azərbaycan tarixinin taleyüklü və məsul çağları hələ də davam etməkdədir. Bu ağır işlərin  öhdəsindən biz yalnız Sizinlə birgə gələ bilərik.

Cənab Prezident!

Mən 1998-ci il Prezident seçkilərində ulu öndər Heydər Əliyevin Mərkəzi Seçki Qərargahının üzvü, “Qarabağın və digər işğal olunmuş rayonların ilk təşəbbüs qrupu”nun rəhbəri olmuşam. İctimai fəaliyyətimdəki o günlər, ulu öndərlə dəfələrlə olan görüşlərim ömrümün yaddaqalan tarixi günləridir. Mən fəxr edirəm ki, Heydər Əliyev məktəbinin yetirməsiyəm və ictimai fəaliyyətimin qırx ilə yaxını o məktəblə bağlıdır.

Azad bir ölkənin vətəndaşı kimi builki prezident seçkilərində də fəal iştirak etmək istəyirəm. Əgər məsləhət bilsəniz və icazə versəniz Prezidentliyə namizəd kimi Sizin seçki qərargahının tərkibində fəaliyyət göstərərdim. Əgər bu şərəfli vəzifəni yerinə yetirmək mənə etibar edilsə, özümü xoşbəxt sanardım.

Möhtərəm Prezident!

Biz inanırıq ki, dövlətimizin üçrəngli bayrağı itirilmiş torpaqlarımızın ən yüksək zirvəsinə məhz Sizin əlinizlə sancılacaqdır.

Ulu babalardan bizə yadigar qalan bu vətənin bütövlüyü, dövlətimizin möhkəmliyi, sabitliyi, xalqımızın əmin-amanlığı uğrunda apardığınız işlərdə Sizə daha böyük uğurlar, dünyada nümunə olacaq nəaliyyətlər və həmişə qalib olmağı arzulayıram!

 Dərin hörmət və ehtiramla Kəlbəcər ziyalıları və ağsaqqalları adından:  İsmayılov Vəliyəddin Misir oğlu.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir