Modern.az

Azərbaycan şahmatının məşhur xanımları indi hardadır? - ARAŞDIRMA

Azərbaycan şahmatının məşhur xanımları indi hardadır? - ARAŞDIRMA

6 Noyabr 2013, 10:47

Vaxtilə Azərbaycanı şahmat üzrə beynəlxalq yarışlarda təmsil edən məşhur xanımlar var idi – Firuzə Vəlixanlı, İlahə Qədimova və Aynur Sofiyeva. Sonralar onlar müxtəlif səbəblərdən karyeralarını vaxtından bir qədər tez başa vururaq şahmat sahəsindən uzaqlaşdılar. 

Modern.az saytı məşhur şahmatçı xanımların indi harda olduğunu araşdırmağa çalışıb.

Əslən Qax rayonundan olan Aynur Sofiyevanın hazırda harda çalışdığı belə deyək, çoxlarına məlumdur. Keçmiş şahmatçı, eks-deputat hazırda məmurdu – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışır. BDU-nun Jurnalistika və Hüquq fakültələrini bitirmiş xanım Sofiyeva 1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb.İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Keçmiş SSRİ və Azərbaycan çempionu, beynəlxalq qrossmeyster A.Sofiyeva 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının prezidenti də olub.
Məmur işi Aynur Sofiyevanın şahmatla məşğul olmağını məhdudlaşdırdığından o, bu sahədən uzaqlaşıb.
Aynur Sofiyeva keçmiş futbolçu, hazırkı məşqçi Yunis Hüseynovun həyat yoldaşıdır, 2 övladı var.

Modern.az-a məlum olub ki, Bakıda anadan olmuş digər beynəlxalq qrossmeyster Firuzə Vəlixanlı şahmat fəaliyyətinə 2007-ci ildən fasilə verib. Azərbaycan şahmat yığmasının sabiq üzvü Firuzə Vəlixanlı hazırda həyat yoldaşı və uşağları ilə birgə ABŞ-ın Nyu-York şəhərində yaşayır.
Qeyd edək ki, Firuzə Vəlixanlı Bakı şəhərinin keçmiş meri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş prezidenti Fuad Musayevin gəlinidir.
Firuzə xanımın həyat yoldaşı Tofiq Musayev ixtisasca hüquqşünasdır. Onların 3 övladı var: 2 oğlab və 1 qız. Cütlük uşaqlardan birinə babası Fuad Musayevin şərəfinə Fuad adı verib.
Ötənlərdə ABŞ mətbuatına verdiyi müsahibəsində Firuzə Vəlixanlıhəyat yoldaşı Tofiqlə İsveçdə tanış olduqlarını bildirmiş və evləndikdən sonra ərinin heç vaxt onun şahmat oynamağına, səfərlərə yollanmağına maneçilik törətmədiyini qeyd etmişdi. O, ev qayğıları, uşaqların tərbiyəsi ilə məşğul olduğunu əsas gətirərək daha şahmata vaxt ayırmağıma imkanının olmadığını bildirib. Şahmatçı xanımın həyat yoldaşı Tofiq Musayev Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində çalışır. T.Musayev Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.

1975-ci il doğumlu beynəlxalq qrossmeyster İlahə Qədimova əslən Gəncə şəhərindəndir. Vaxtilə şahmat üzrə Azərbaycanın qadınlar komandasının ledirlərindən olmuş İ.Qədimova Bakıdakı Xarici Dillər İnstitutunu (hazırki Dillər Universiteti) bitirib. Daha sonra Maltada Dilomatik Kollecdə təhsil alıb. İ.Qədimova 2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb.
İlahə Qədimova 90-cı illərin ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə işə qəbul olunaraq diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanın Avropa ölkələrindəki səfirliklərində,o cümlədən Maldaakı diplomatik korpusda çalışıb.
Ötənlərdə mətbuata verdiyi müsahibələrindən birində İ.Qədimova diplomatiya işinə keçmiş xarici işlər naziri Həsən Həsənov tərəfindən dəvət olunduğunu deyib.
Modern.az-a verilən məlumatına görə, İ.Qədimova xarici vətəndaşla ailə qurub, onun Avropada yaşadığı bildirilir.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir