Modern.az

34 hərfli ortaq türk əlifbası layihəsi açıqlanıb

34 hərfli ortaq türk əlifbası layihəsi açıqlanıb

Qarabağ

20 Avqust 2010, 13:31



Yeddi Dövlət – Bir Millət Konseyi ortaq türk əlifbasının hazırlanması və tətbiqi yönündə işlərin ləng getməsini nəzərə alaraq by istiqamətdə sürətli işlərin aparılması təşəbbüsü ilə çıxış etmişdi. Qurumun başqanı Azər Həsrət mediaya verdiyi açıqlamada şəxsən özünün başçılığı ilə yaxın müddət ərzində ortaq türk əlifbası layihəsinin hazırlanacağını və müzakirələrə başlayacağını da bildirmişdi.
Yeddi Dövlət – Bir Millət Konseyindən verilən bilgiyə görə, artıq ortaq türk əlifbasının layihəsi hazırdır və müzakirələrə başlamaq olar. Konseyin başqanı Azər Həsrət bildirib ki, təklif olunan layihə  yeddi bağımsız türk dövlətində işlədilən əlifbalar əsasında hazırlanıb və 34 hərfdən ibarətdir. Həm də bu zaman yürürlükdə olan əlifbalara demək olar ki, çox cüzi dəyişikliklər edilib və bu da ortaq əlifbaya keçidin tez bir zamanda və asan başa gəlməsinə imkan yaradacaq.

Azər Həsrətin hazırladığı ortaq türk əlifbası layihəsi:

A a (Aşgabat), B b (Bakı), C c (Ceyhan), Ç ç (Çanaqqala), D d (Därbänd), E e (el), Ä ä (äziz), F f (Färğanä), G g (günäş), Ğ ğ (ğalim), H h (häsrät), X x (xan), I ı (Iğdır), İ i (iynä), J j (Jalä), K k (kitab), Q q (Qazan), L l (Lefkoşa), M m (Mersin), N n (Narınqala), Ň ň (anaň), O o (orta), Ö ö (ördäk), P p (para), R r (rayon), S s (säma), Ş ş (Şuşa), T t (Täbriz), U u (Urmiyä), Ü ü (Ürümçi), V v (Van), W w (-), Y y (Yevlax), Z z (Zängäzur).

Göründüyü kimi, yeni layihədə Azərbaycan əlifbasında yalnız bir hərf dəyişdirilib: Ə ə hərfi Ä ä kimi təklif edilir. Bundan başqa əlifbaya Ň ň (sağır nun) və bilgisayar texnologiyalarında geniş istifadə edilən W w əlavə edilib. Qeyd edək ki, “sağır nun” adlanan səs və hərf Azərbaycan və digər türk dillərində həmişə olsa da 1929-cu ildə Azərbaycan və ardından da Türkiyə ərəb əlifbasından latın əlifbasına keçərkən bəlli olmayan səbəblərdən bu hərfdən imtina edilib. “Halbuki hazırda demək olar ki, bütün türk ləhcələrində bu səs qalmaqda və geniş istifadə edilməkdədir. Ona görə də biz onun bərpasının tərəfdarı kimi çıxış edirik”, – deyə Konsey başqanı bildirib.

W w hərfinin əlavə edilməsinə gəlincə, Azər Həsrət bildirib ki, bu, daha çox texnoloji tələblərə cavab vermək üçün edilir: “Hazırda bilgisayar texnologiyaları həyatımıza elə daxil olub ki, bəzən onların tələbləri ilə hesablaşmaq zorunda qalırıq. Ona görə də düşünürük ki, W w hərfindən yazıda geniş istifadə edilməsə belə onun əlifbada yer almasına ciddi zərurət var. Ən azından İnternet ünvanlarının yazılışı zamanı ondan istifadəni nəzərə alsaq bizim fikrimiz daha da möhkəmlənər”.

Azər Həsrət Türkiyə əlifbasına da heç bir dəyişiklik edilmədiyini, yalnız sadəcə əlavələr edildiyini bildirib. O, deyib ki, “hazırda 29 hərfdən ibarət olan Türkiyə əlifbasına daha beş hərf əlavə edilir. Ancaq bu o demək deyil ki, onların istifadəsi mütləqdir. Yəni Türkiyə türkcəsində bu zamana qədər olduğu kimi 29 hərfdən istifadə edilərsə heç bir zərəri olmaz. Çünki həmin 29 hərf onsuz da ortaq əlifbada var və digər türk xalqları həmin hərfləri də rahat bir şəkildə oxuya bilər”.

Konsey başqanı bildirib ki, yeddi bağımsız türk dövləti olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs, Özbəkistan, Türkiyə və Türkmənistandan yalnız Qırğızıstan latın əlifbasına ümumiyyətlə keçmədiyi üçün həmin ölkədə istifadə edilən kiril əlifbasının latın qarşılığı ortaq əlifbanın hazırlanması zamanı əsas olaraq götürülüb.

Onu da qeyd edək ki, bu, ortaq türk əlifbası yönündə ilk çalışma deyil. Hələ türk dövlətləri rus işğalından azad olunduğu zamandan bəri müxtəlif təşəbbüslər irəli sürülsə də onların heç biri gerçəkləşdirilməyib. Azər Həsrət bildirib ki, bu layihəni bir müddət müzakirə etdikdən sonra qeyri-rəsmi də olsa onu tətbiq etmək fikrindədirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir