Modern.az

Savaşda uşaq olmaq!

Savaşda uşaq olmaq!

23 Sentyabr 2015, 09:39

Mən də bir savaş uşağı olmuşam. Arzuları, xəyalları əlindən alınan, atılan bombaların səsindən qorxan və böyümüş gözlərlə böyüklərin üzünə baxan müharibə uşağı. Sonra da öz ölkəsində olsa belə, müharibənin ona yaratdığı çətinliklərlə ayaqda qalmaq üçün mübarizə aparan və böyüsə də içindəki mərmi səsləriylə yuxuları qarışan müharibə uşağı. Yaş artsa da, böyüməyən savaşın uşağı... bu gün terrordan, savaşda ölən uşaqların sayına baxıram və deyirəm nə acı yaşam qisməti savaşda uşaq olmaq...

...Bir uşaq harda  nə zaman, necə dünyaya gələcəyini özü seçmir. Dünyaya gələcək və onu hansı həyatın gözləyəcəyi ilə bağlı düşüncəyə malik deyil. Bütün uşaqlar bərabər hüquqlara malik olsa belə,  bərabər yaşaya bilmir. Milyonlarla uşaq döyüşlərdə sadistcə öldürülür, aclıqdan və yoluxucu xəstəliklərdən ölür, şikəst buraxılır, təcavüzə uğrayır, işgəncə görür, ailələrindən qoparılır və uşaq əsgərləri olaraq alət edilir. Onlar ölməmək üçün öldürməyə sürüklənir. Əlləri oyuncaq deyil, silah tutur.
Onlar müharibənin uşaqları... Fələstinli, irakli, suriyalı, qara, ağ ... Hansı dindən, irqdən, millətən olduqları heç əhəmiyyətli deyil; onların tək bir dini və irqi var: Usaq! Hamısı eyni səmanı bölüşürlər, bir ovuc torpağı paylaşamayanların dünyasında ... Barışa, ümidə, günəşə həsrət...


Müharibə usaqlarının heç bir çarəsi yox,  ya da gücü. Yalnız qədərinə boyun əyir. Onun payına nə düşəcək, mərmimi, aclıqmı, müharibədən qazandığı yetimlikmi? Ya da o mərmidən qaçarkən hansısa vicdansız kamermanın önünə uzanan ayağımı?
Bir uşaq üçün böyümək sehrli bir şeydi. Gündə neçə dəfə ayna qarşısına keçər boyunu ölçər, saga-sola sorar böyüdümmü deyə… Müharibə uşaqları üçün bu sehr mənasını itirib. Ölmə ehtimalı olduğu üçün deyil bu mənasızlıq, böyüklərinin ölümə səbəb olduğunu gördüyü üçün, ölümə mane ola bilmədikləri  üçündü. 

Bayram yaxınlaşır. Səhər açılan kimi qapımız çalacaq. Uşaqlar bayramlıq yeni əlbisələriylə şəkər almağa gələcək. Amma müharibə uşaqlarının bayramı yoxdu.  Onlar xoşbəxt  böyüyə, şəkər yeyə bilməyəcəklər. Bəlkə də yeni doğan Günəşi bir daha görməyəcəklər.

Qonsulugumuzda yaşayan bir neçə suriyalı uşaqla ayaqüstü söhbət etmişdim. Anladım ki, onların dərdi yalnız yoldaşları ilə oyun oynamaq, məktəbə getmək, anasına möhkəm sarılıb yatmaq, işdən gəlmiş atasına qaçıb "ata ən sevdiyim şokoladı aldınmı?" sormaqdı. Amma onlar  gözünü ehtiras bürümüş zalımların bombaları altında canlarını qurtarıb. Sadəcə canlarını... həyatları, yaşamları sevincləri məhv oldu. Haqqımı bu onlara, günahları nədir?

Bəzən özümdə güc tapıb müharibə ölkələrində uşaqlarla bağlı kadrları izləyirəm. Kameralar o usaqları göstərdikcə, bu sualı özümə davamlı təkrar edirəm: günahsız kiçicik ürəkləriylə şahid olduqları bu şiddət və bu inanılmaz vəhşilik, onları irəlidə necə bir vəziyyətə gətirəcək? Artıq ölkə mənfəətləri üçün, "dövlətlər bir-birlərinə özlərini isbat edəcəklər” deyə səbəbi nə olursa olsun, o günahsız həyatlara son verməyi durdursunlar! Onlar silah tutmaq deyil, qan görmək deyil, yalnız sevgi və xoşbəxtlik, ən əhəmiyyətlisi də dinclik istəyirlər, unutmayaq. Döyüşlər onların uşaqlığın,  gələcəyə dair ümidlərini, xəyallarını öldürür.  Ən acısı ürəklərindəki sevgi toxumlarını məhv edir.

Yanğın yerinə çevrilmiş bu yer üzündə uşaqların arzuları həmişə eynidir; dondurma yemək, velosipedə minmək, şar uçurtmaq, oyun oynamaq. Amma savaş usaqları  tək bir şeyi düşünürlər; həyatda qalmağı! 
Uşaqlar ölməsin! Nə savaşda, nə aclıqdan, nə qəzada, nə, nə, nə.... ölməsin! Böyüklər sizin savaşınız kim üçün? 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü