Modern.az

Mətin və qayğıkeş...

Mətin və qayğıkeş...

10 Mart 2016, 14:23


Musa Urud, millət vəkili

Ötən əsrdə topçubaşovlar, hacıbəylilər, şadlinskilər, rəfibəylilər, bədəlbəylilər, şahtaxtinskilər və s. kimi ailələr Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamış və dərin izlər qoymuşlar.

Bu sırada akademik Cəlal Əliyevin də ləyaqətlə təmsil olunduğu əliyevlər ailəsinin şərəfli yeri vardır. Məhz əliyevlər ailəsinin son əlli ildə xalqımızın tarixi taleyində, elmimizin və mədəniyyətimizin inkişafında, dövlətçiliyimizin bərpasında və möhkəmlənməsində əvəzedilməz xidmətləri olmuşdur.

Kərbəlayı Cəfər oğlu Əlirza kişinin ocağı Azərbaycan xalqına Ümummilli lider Heydər Əliyev və Respublikamızın Prezidenti cənab İlham Əliyevlə yanaşı elmimizə Həsən Əliyev, Aqil Əliyev, Cəlal Əliyev, Rəfiqə Əliyeva kimi akademikləri, mədəniyyətimizə xalq rəssamı Hüseyn Əliyev və memar Rasim Əliyev kimi görkəmli incəsənət xadimlərini bəxş etmişdir.

Cəlal müəllim sözün bütün mənalarında böyük insan, bütöv şəxsiyyət idi. Həddindən artıq çalışqanlığı, düzgünlüyü, həqiqətsevərliyi, mərdliyi, emosionallığı ilə yanaşı sadəliyi, qayğıkeşliyi, incə yumor hissi və ədalətliliyi bu böyük insanın zəngin mənəvi aləmindən xəbər verirdi. Akademik Cəlal Əliyev həm özünə, həm də ətrafındakılara qarşı olduqca tələbkar və məsuliyyətli bir insan idi. Etimadı doğrultmayanları görməyə gözü yox idi. O elmin əkinçisi, tarlanın alimi idi. Torpaqla, zəhmətlə elmi birləşdirərək, nəzəri bilikləri həyatda tətbiq etməklə öz millətinə və dövlətinə ləyaqətlə xidmət edən şərəfli bir alim ömrü yaşadı akademik Cəlal Əliyev...


Akademik Cəlal Əliyev Azərbaycanın elm və dövlətçilik tarixində, xalqın yaddaşında dərin izlər buraxmış görkəmli alim və ictimai xadimdir. Cəlal müəllimin bütün həyatı mübarizələrdə keçmişdir. Elm uğrunda, həqiqət uğrunda, müstəqillik uğrunda, dövlətçiliyin qorunub möhkəmlənməsi uğrunda mübarizələrdə Cəlal müəllim həmişə öndə olmuş, öz sözünü demiş, mövqeyini göstərmişdir.

Ömrünün altmış ildən çoxunu biologiya elminin müxtəlif sahələrinə həsr etmiş bu böyük alimin fotosintez, bitki genetikası, seleksiya, xüsusilə müstəqil Azərbaycanda taxılçılığın inkişafı, yeni taxıl növlərinin yaradılması sahəsində tədqiqatları bütün dünya elmi üçün böyük tövhədir. Amma mənim fikrimcə, onlarca mükafatların, titulların, fəxri adların sahibi akademik Cəlal Əliyev bu xalqın yaddaşında daha çox dövlətin möhkəmlənməsi və həqiqət uğrunda mübarizə aparan bir şəxsiyyət kimi qalacaq.

Cəlal müəllimin mübarizəsi həmişə açıq-aşkar və birmənalı olmuşdur. Onun üçün elm və dövlətçilik məsələsində orta mövqe yox idi. Bəzən müxalifət mətbuatında, xüsusilə 90-cı illərdə Cəlal müəllimin dövlətçilik məsələlərində kəskin mövqeyi tənqid olunur, hətta Prezident Heydər Əliyevin yanında jurnalistlərlə görüşdə onun müxalifətə qarşı sərt, barışmaq münasibətindən şikayət olunanda Ümummilli lider özünəməxsus bir səmimiyyətlə, - “Cəlal müəllim çox azad bir insandır. O hətta məni də çəkinmədən tənqid edir” – söyləmişdi.

Cəlal müəllim müxalifətə qarşı sərt mövqe göstərməklə həm müstəqil Azərbaycan dövlətinə sevgisini ifadə edirdi, həm də bu sərtlik dövlətin qurucusu Prezident Heydər Əliyevi qayğıkeş bir qardaş məhəbbəti ilə qorumaq istəyindən irəli gəlirdi.

1987-93-cü illərdə akademik Cəlal Əliyev bu familiyanın şərəfli adını qorumaq naminə sözün əsl mənasında qəhrəmanlıq göstərdi, təqiblərə məruz qalsa da mübarizəsindən dönmədi. Ümummilli lider Heydər Əliyevin Moskvadan Bakıya qayıtması, onun Naxçıvana getməsi, yenidən böyük siyasətə dönüşü, deputat olarkən Milli Məclisin sessiyalarında iştirakı akademik Cəlal Əliyevin əzmkarlığı, cəsarəti, təşkilatçılığı, dəstəyi olmadan yəqin ki, mümkün olmazdı. Heydər Əliyev SSRİ rəhbərliyindən uzaqlaşdırılandan sonra bu ailəyə həm İttifaq miqyasında, həm də respublika rəhbərliyi səviyyəsində hücumlar başladı. Məhz o zaman akademik Cəlal Əliyev əsl türk kişisi kimi bütün zərbələri öz üzərinə götürərək həm Heydər Əliyevi mənəvi və fiziki təpkilərdən qorudu, həm də Heydər Əliyev sevərləri bir araya toplaya bildi. Heç şübhəsiz ki, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıtmasına əsas səbəb Azərbaycan xalqının iradəsi oldu. Lakin bu iradəyə bərabər bir cəsarət nümunəsi də var idi ki, bu Cəlal müəllimin qəhrəmanlığı idi. Qəhrəmanlıq qəhrəmanın fiziki ömründən qat-qat uzun yaşayan bir hadisədir. Ömrünü mübarizələrdə keçirmiş və bu mübarizələrin hamısından qalib ayrılmış akademik Cəlal Əliyev Azərbaycan elminin, dövlətçiliyinin tarixində daim yaşayacaq və yeni qəhrəmanlıqlar üçün bir nümunə simvolu olacaqdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü