Quba məzarlığında sümüklərin çürümə prosesini əngəlləmək məqsədi ilə təcili müşavirə keçirilməli idi. Lakin Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev Modern.az-a açıqlamasında bildirmişdi ki, müşavirə müəyyən müddətlik təxirə salınıb. Səbəb isə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər idi. Onun sözlərinə görə, məzarlığın bərpası ciddi məbləğ tələb edir və bununla bağlı geniş müzakirə aparılmalıdır.
Modern.az saytı Quba məzarlığının bərpası ilə bağlı məsələnin nə yerdə olduğunu öyrənmək üçün Qəhrəman Ağayevlə yenidən əlaqə saxlayıb. O, bildirib ki, bu məsələ ilə bağlı hələki heç bir yenilik yoxdur:
“Heç bir yenilik olmadığı üçün hər hansı məlumat verə bilmərəm. Amma müşavirənin keçirilməsi iyun ayının əvvəlləri üçün nəzərdə tutulub. Çox güman ki, həmin tarixdə bu məsələ müzakirə ediləcək”.
Qeyd edək ki, bir müddət əvvəl deputat Vahid Əhmədov Quba məzarlığının uçma təhlükəsi ilə əlaqədar həyəcan təbili çalıb.O, məzarlığın probleminin qarşısını almaq üçün prezident İlham Əliyevə müraciət edib.
Günay RƏSULQIZI