Modern.az

“Yeni regional dəhlizlər sülhün qarantı olacaq” - PA rəsmisi

“Yeni regional dəhlizlər sülhün qarantı olacaq” - PA rəsmisi

21 Yanvar 2022, 12:01

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış bu tarixi Qələbə hər birimizin qələbəsidir. Vahid ideya, vahid amal uğrunda dəmir yumruq kimi birləşmiş Azərbaycan xalqının milli qürurunun, mübarizəsinin, əzmkarlığının canlı dastanıdır. Vətən müharibəsindəki Zəfərimiz müasir Azərbaycan milli kimliyini formalaşdıran başlıca amilə çevrilir”.


Modern.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova zefer.az saytının təqdimat mərasimində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, tarixi ədalət, beynəlxalq hüquq, ərazi bütövlüyü və milli ləyaqətimizin bərpası yalnız Azərbaycan milli ruhunun qələbəsi deyil, həm də son iki əsrdə beyinlərə yeridilmiş komplekslərin tamamilə dağıdılmasıdır, xalqımızın özünə inamını bərpa edən, xalqımızı özgüvənli millətə çevirən və yaxın 50-100 ildə istinad nöqtəsi olacaq yeni mənəvi dönüş nöqtəsidir:

 


“Əgər 2020-ci ilin Şanlı Zəfərimizin tarixə yazıldığı il, Azərbaycan xalqının Zəfər salnaməsinin başlanğıc ili idisə, 2021-ci ilin bu Zəfərin nəticələrinin bütün dünya tərəfindən qəbul edilməsi ili oldu.


“3+3” formatında kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması Azərbaycanın açıq dənizlərə çıxışını təmin edəcək, Naxçıvanla nəqliyyat əlaqələrinin bərpası Türk dünyasını birləşdirəcək və nəticədə ölkəmizin regional perspektivlərini və meqaregionda əhəmiyyətini yaxın 10 illiklər üçün daha da artıracaq. Yaranmaqda olan yeni regional dəhlizlər şəbəkəsi sülhün qarantı olmaqla, Azərbaycanın bu sahədəki imkanlarını diversifikasiya etməyə imkan verəcək, iqtisadi gücünü, ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə yüksəldəcək, regionun geo-iqtisadi xəritəsini dəyişəcək”.

 

PA rəsmisi vurğulayıb ki,  bu fundamental dəyişikliklər Azərbaycanın yeni inkişaf paradiqmasını şərtləndirir:

 


“Qalib dövlətin dəyişən dünyanın bütün çağırışlarına hazır olması, qalib xalqın köhnə-yeni coğrafiyada yenidən özünə baxışı və yeni ideoloji əsaslarının müəyyən edilməsi, Vətən müharibəsinin və onun nəticələrinin doğurduğu özgüvənin kapitalizasiyası, başqa sözlə, regionda və dünyada mövqeyimizin möhkəmləndirilməsi, günəş altında öz yerimizin tapılması, sadəcə dünya qaydasına yazılmaq yox, dünya qaydalarını yazmaq imkanlarına əltaçatlığın təmin edilməsi hazırda və yaxın gələcəkdə bizim üçün önəm kəsb edəcək.
Xalqın üzərinə düşən missiya bu Zəfər salnaməsini yazıya və lentə almaqla gələcək nəsillərə çatdırmaq, hər şeyi ilkin mənbədən, olduğu kimi, təhrif olunmadan dünyaya çatdırmaqdır: “Ensiklopedik formatda, 3 dildə fəaliyyəti nəzərdə tutulan Zəfər portalının missiyası məhz buna hədəflənib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti