Modern.az

Baxmut uğrunda döyüşlər - Rusiyanın məqsədi nədir...

Baxmut uğrunda döyüşlər - Rusiyanın məqsədi nədir...

Aktual

21 May 2023, 10:08

Rusiya Müdafiə Nazirliyi Ukraynanın şərqində yerləşən Baxmut şəhərinin tamamilə ələ keçirildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.

 

"Cənub Qüvvələr Qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə "Vaqner" bölmələrinin hücum hərəkətləri nəticəsində Artyomovsk şəhərinin azad edilməsi başa çatıb", - açıqlamada deyilir.

 

Rusiya prezidenti Vladimir Putin şəhərin ələ keçirilməsi münasibətilə qoşunları təbrik edib və fərqlənənlərə mükafatlar veriləcəyini bildirib. Qeyd edək ki, Artyomovsk Baxmutun Sovet dövründəki adıdır və Rusiya rəsmiləri bu toponimdən istifadə edir. 

 

Bundan əvvəl şəhərə hücuma rəhbərlik edən “Vaqner” muzdlular qrupunun sahibi Yevgeni Priqojin də Baxmutun tam ələ keçirildiyini elan edib. Priqojin ukraynalıların şəhər daxilindəki sonuncu bölgədən sıxışdırıb çıxarıldığını deyib. Ukrayna ordusunun rəsmi nümayəndəsi Sergey Çerevati isə döyüşlərin davam etdiyini bildirib: "Bu, doğru deyil. Bizim bölmələrimiz Baxmutda döyüşür".

 

Ümumilikdə, Kiyev rəsmiləri Priqojinin məlumatını təkzib etsə də, Rusiya Müdafiə Nazirliyinin açıqlaması barədə şərh verməyiblər.

 

Baxmut uğrunda döyüşlər ötən ilin ortalarında başlayıb. Priqojin aprel ayında da şəhərin tam ələ keçirildiyini açıqlasa da, sonradan Ukrayna bu istiqamətdə bir sıra uğurlar qazanıb. 

 

Ekspertlər deyir ki, Baxmutun strateji əhəmiyyəti yoxdur, Kiyev gözlənilən əks-hücuma hazırlığı başa çatdırmaq üçün şəhərin müdafiəsini davam etdirir. Priqojin də etiraf edib ki, itkilərin miqyasına görə böyük simvolik əhəmiyyət kəsb etməsinə baxmayaraq, müharibədən əvvəl 70.000 əhalisi olan Baxmut şəhərinin strateji əhəmiyyəti azdır.

 

Baxmutun ələ keçirilməsi təsdiqlənərsə, Rusiyanın Donetsk bölgəsindəki daha iki böyük şəhəri - Kramatorsk və Slovyanskı işğal etmək imkanı yaranacaq. Moskva Donetskə tam nəzarəti ələ keçirmək üçün hər iki şəhəri ələ keçirmək niyyətindədir. Ukrayna prezidenti Volodimir Zelenski də mart ayında CNN-ə müsahibəsində bildirib ki, Rusiya Baxmutu ələ keçirsə, hər iki şəhərə doğru yol açılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var