Modern.az

\"Azersky\" peyk təsvirlərinə həsr olunmuş sərgi keçirilib

\

26 May 2023, 19:14

26 may 2023-cü il tarixində Xarici İşlər Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Kosmos Agentliyinin (Azərkosmos) birgə təşkilatçılığı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinə dair məlumatlandırma tədbiri və "Azersky" peyk təsvirlərinə həsr olunmuş sərgi keçirilib.

 

XİN-dən Modern.az-a verilən xəbərə görə, tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən media nümayəndələri iştirak edib.

 

Ətraflı

Tədbirdə açılış nitqi ilə çıxış edən nazir müavini Elnur Məmmədov, keçirilmiş məlumatlandırma tədbirinin 28 May – Müstəqillik Gününə təsadüf etdiyini söyləyərək, bu xüsusda öz səmimi təbriklərini çatdırıb. Nazir müavini, Azərbaycanın kosmik icmanın nisbətən yeni üzvü olmasına baxmayaraq, bu sahədə əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş uğurlu peyk layihələrinin nəticəsi olaraq 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığını qeyd edib. İlk dəfə 1973-cü ildə, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresindən 50 il sonra Azərbaycanın yenidən bu mötəbər tədbirə ev sahibliyi etməsinin simvolik əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

 

Daha sonra çıxış edən nazir müavini Fərid Əhmədov, beynəlxalq kosmik icmanın ekspertləri və liderlərini bir araya gətirəcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əsas diqqət mərkəzinin gənclər olduğunu vurğulayıb. Nazir müavini Fərid Əhmədov, Konqresin işinə, habelə kosmik sənaye və elmə daha çox sayda gənc mütəxəssis və tələbənin cəlb edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

 

Tədbirdə 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı təqdimatla çıxış edən “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov, Konqresin 2-6 oktyabr 2023-cü il tarixlərini əhatə edən proqramı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Ümumilikdə, beynəlxalq kosmik icmanın ekspertləri və liderləri daxil olmaqla 6000 qonağı əhatə edəcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin regional və beynəlxalq səviyyədə əməkdaşlıq qurmaq üçün imkanlar yaradacağı diqqətə çatdırılıb.

 

Daha sonra, tədbir iştirakçıları "Azersky" peyk təsvirlərinə həsr olunmuş sərgi ilə tanış olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?