Modern.az

Seçki yaxınlaşır, faiz düşür, həftədə 4 gün... - MODERN İCMAL

Seçki yaxınlaşır, faiz düşür, həftədə 4 gün... - MODERN İCMAL

Aktual

21 Dekabr 2023, 10:40

Dünənin əsas hadisələrinə Mərkəzi Bankın uçot dərəcələrini endirməsi, Prezident seçkiləri ilə bağlı prosesin aktivləşməsi və bu istiqamətdə olan müxtəlif açıqlamalar və digər xəbərlərdir.

 

Modern.az 20 dekabr tarixini əhatə edən icmalını təqdim edir:

 

Lənkəran rayonunda şəhid baş leytenant Samid Əkbərovun anası Zərifə Əkbərova dünyasını dəyişib. O, 65 yaşında vəfat edib. Qeyd edək ki, Samid Əkbərov 23 yanvar 1983-cü ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya gəlib. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 8 noyabr 2008-ci il tarixində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

 

Hesablama Palatası Mədəniyyət Nazirliyində və onun qurumlarında yoxlamalar aparıb. Palata Mədəniyyət Nazirliyinin qurumları ilə bağlı prokurorluğa müraciət edib.

 

Beynəlxalq Böhran Qrupunun nümayəndələri Azərbaycan-Ermənistan sərhədində olublar. Bu barədə qrupun rəhbəri Komfort Ero X sosial şəbəkəsində yazıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər. Onlar Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.

 

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Mustafa bəy Vəkilovun Türkiyədə yaşayan oğlu Nadir Vəkiloğlu, bəstəkar Cavanşir Quliyev, politoloq Zərdüşt Əlizadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini açıqlayıblar. Bundan başqa, Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkilərində iştirakla bağlı qərar qəbul edib. Qərara əsasən, Demokratik İslahatlar Partiyası seçkilərdə öz namizədi ilə iştirak etməyəcək. “Lakin partiya üzvləri fəal şəkildə seçki prosesinə qatılacaq, respublika üzrə seçki kampaniyasının gedişini və ümumi seçki prosesini müşahidə edəcəklər. Partiya seçkiləri müşahidə edəcək üzvlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edəcək”, - qərarda bildirilib. Qərarda o da qeyd edilib ki, partiya üzvləri prezidentliyə namizədlər arasında seçim etməkdə sərbəstdirlər.

 

Ermənistanın Televiziya və Radio Komissiyası Rusiyanın "Sputnik" radiosunun bu ölkədəki bürosunu cəzalandırıb. “Sputnik Ermənistan” bir ay müddətinə efirdən məhrum edilib. Radionun lisenziyası 30 gün müddətinə tərəfindən ləğv olunub. Digər bir qərarla “Sputnik Ermənistan” radiosunu 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimələyib. Cəzanın verilməsinə səbəb radionun saxta məlumat yayması və insanların şərəf və ləyaqətini alçaltması olub.

 

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşüb.

 

Azərbaycanda ümumölkə yerüstü televiziya yayımında olan kanalların 2023-cü ilin noyabr ayında informasiya və analitik proqramların özəl çəkisi ən çox olmaqla ümumi payın 25 faizini təşkil edib.

 

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı növbəti dəfə məhkəməlik olub. Onun barəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. Millət vəkilinin oğlu bir müddətdir vergi borcunu ödəmədiyi üçün adıçəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edib. İşə hakim Zeynəb Axundovanın sədrliyi ilə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Baxış iclası dekabrın 29-na təyin edilib. Qeyd edək ki, Elçin Ağamalı biznesmendir. O, daha öncə rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün məhkəməlik olmuşdu. Bundan başqa, deputat oğlu “Altus” MMC-nin sahibi kimi də tanınır.

 

Rusiyada Moskva məhkəməsi Nikolay Baskovun klipindəki “lirik qəhrəmanın kişi cinsi qismində münasibətinə” görə “LGBT təbliğatı” işi üzrə “Toçka TV” telekanalını cərimələyib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı İsrail-HƏMAS müharibəsi və Qəzzaya humanitar yardım çatdırmaq səyləri müzakirə edilib.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Liderlər ikitərəfli münasibətləri müzakirə edib. Tərəflər sazişlərin icrasının gedişi barədə danışıblar. Paşinyan və Rəisi regional “3+3” platforması ətrafında fikir mübadiləsi aparıb, Tehranda keçirilən görüşün faydalı olduğunu bildiriblər.

 

“Azərbaycanla danışıqlar prosesi davam edir, o cümlədən onlayn formatda...”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib. "Danışıqlar prosesi davam edir, bilirsiniz ki, biz Azərbaycana öz təkliflərimizi vermişik, indi onların cavabını gözləyirik".

 

“2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Federasiyasının prezidenti “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Mən özüm də mətbuatdan öyrəndim ki, Rusiya belə bəyanatlar verəcək”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində Rusiya prezidenti Vladimir Putinin “Ermənistan özü  “Dağlıq Qarabağ”dan imtina edib, “Dağlıq Qarabağ”ı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb” bəyanatına münasibət bildirərkən deyib.

 

"Donald Tramp bir çox məsələlərdə Rusiya ilə həmfikirdir". Bunu ABŞ prezidenti Co Bayden Nyu-Hempşirdə çıxışı zamanı deyib. O, Vladimir Putinin ABŞ-da baş verən hadisələrlə bağlı sözlərini təkrarlayan Trampın bəyanatını belə şərh edərkən bunun təəccüblü olmadığını bildirib. "Tramp bu həftə sonu köhnə dostu Putini dəstəklədi. Tramp hətta bu həftə sonu ondan sitat gətirib. Bu təəccüblü deyil. Nəhayət, Moskva ilə Mar-a-Laqo (ABŞ-ın keçmiş prezidentinin Floridadakı mülkü - Red.) arasında çoxlu razılaşma var”, - Bayden qeyd edib. Onun fikrincə, Donald Tramp demokratiya üçün təhlükədir. “Onun işlətdiyi ifadələr bizə 1930-cu illərdə Almaniyadan gələnləri xatırladır. O, ona qarşı çıxanları parazit adlandırır”, – Amerika prezidenti əlavə edib və qeyd edib ki, hətta mühafizəkar respublikaçılar belə bu ritorikanı dəstəkləmirlər.

 

Hindistan yaxın bir neçə ay ərzində Ermənistana özünün “Akaş” zenit-raket komplekslərini tədarük etməyə başlamaq niyyətindədir. “Silahların Ermənistana çatdırılmasının yaxın bir neçə ay ərzində həyata keçirlməsi gözlənilir”, - mənbə bildirib. Agentliyin məlumatına görə, Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb. “Bu arada, bir çox ölkə, o cümlədən Braziliya, Misir və Filippin “Akaş” hava hücumundan müdafiə sisteminə maraq göstərir”, – agentlik mənbədən sitat gətirib. “Akaş” qısa mənzilli zenit-raket kompleksinin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri bir neçə yeni modifikasiya yaradılıb.

 

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini endirib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8,5%-dən 8.00%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6,5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9,5%-dən 9.0%-ə endirilib.

 

Ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ olanların sayı 1 milyon 143 min 620 nəfər artıb. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib. O qeyd edib ki, Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var.

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, hər məntəqəyə orta hesabla təxminən 800-900 nəfər seçici düşür: "Bu kifayət qədər yaxşı rəqəmdir”.

 

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə görüşüb. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, görüş Moskvada baş tutub və təkbətək keçirilib. "Bəli, o, həqiqətən də Moskvada idi, prezidentlə təkbətək görüşü olub. Biz bunu təsdiqləyə bilərik", - Peskov bildirib. Görüşün gündəliyi açıqlanmayıb.

 

Gələn ildən TƏBİB tabeçiliyində fəaliyyət göstərən Yeni Klinikada sümük iliyi transplantasiyasına başlanılması üçün hazırlıq aparılır. Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinin müddəti uzadılıb.

 

Rusiyada prezident seçkilərində ilk dəfə olaraq onlayn səsvermə sistemi tətbiq ediləcək. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası qərar verib. Məlumata görə, 30 region onlayn səsvermədə iştirak edə biləcək. Moskvada da elektron səsvermədən istifadə ediləcək. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün bu materiallara da nəzər salmaq olar:

 

Həftədə 4 gün işləmək stressi AZALDIR

Sülh müqaviləsindən "Qafqaz Evi"nə: Region taleyinə sahib çıxmalıdır...

1991-ci ildən günümüzə: Azərbaycanda seçicilərin sayı necə dəyişib... - QRAFİK

Qarabağda sülhün qarantı Rusiya qoşunlarıdırmı? - Şoyqu niyə belə danışır...

Qəzzada şiddətli küçə döyüşləri - BMT gecikir...

İlin insan mənzərəsi: Doğumlar və ölümlər necə dəyişib - RƏQƏMLƏR

Qarabağ Universiteti üçün nə qədər plan yerləri ayrılıb?

Xankəndidəki oyuna ermənilər də baxmalıdır!

Ziya Bünyadovun 100 illiyi...

Fevral zəlzələsi Türkiyəyə 110 milyard dollar ziyan vurub

Tanınmış həkim əhalini xaşdan uzaq durmağa ÇAĞIRDI - SƏBƏB

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza