Modern.az

Sülh müqaviləsindən "Qafqaz Evi"nə: Region taleyinə sahib çıxmalıdır...

Sülh müqaviləsindən

Analitika

20 Dekabr 2023, 15:12

Son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gündəmdədir. Hər iki tərəfdən müxtəlif səviyyələrdə bununla bağlı açıqlamalar verilir, rəsmi şəxslərin dilindən sülh müqaviləsinin tezliklə imzalanacağı ehtimalının yüksək olduğu vurğulanır. Rəsmi Bakı da hazırda sülh müqaviləsinin imzalanması qarşısında heç bir maneənin mövcud olmadığını bəyan edib.

 

Doğrudur, Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsini yubatması ilə əlaqədar məqam da səsləndirilib, lakin ümumən bu istiqamətdəki açıqlamalar xüsusi pozitiv tona malikdir. Qarşılıqlı olaraq ölkələrin bir-birinin ərazi bütövlüyünü tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsi ilə sülh müqaviləsinin imzalanma perspektivi kifayət qədər reallaşmağa yaxın hala gəlib.

 

Azərbaycanın qələbəsindən sonra mövqeyi yumşalan İrəvandan fərqli olaraq Bakı hər zaman sülhün tərəfdarı kimi çıxış edib. Hətta Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrdə də danışıqlarda konstruktiv mövqe sərgilənməsi Bakı üçün xarakterik idi. 1 milyona yaxın qaçqın və məcburi köçkün, soyqırımına məruz qalma faktı, problemin ölkə iqtisadiyyatına vurduğu zərər və bütün digər faktorlara baxmayaraq sülh yanaşması üstün tutulub.

 

 

Bu yanaşma qələbədən sonra təbii olaraq hər iki tərəfdə daha da güclü xarakter aldı və sülh müqaviləsinin imzalanmasını ilk dəfə təklif edən tərəf də Azərbaycan tərəfi oldu. Torpaqlarını işğaldan azad edən, suverenliyini tam bərqərar edən və problemin həllinə nail olan tərəf kimi bu, olduqca normal mövqedir. Qarşı tərəfdə də bir sıra maksimalist və revanşist qüvvələr olsa da, əsasən sülh müqaviləsinin imzalanmasının tərəfdarı olan qüvvələr hakimdir.

 

Çünki kənar dəstək olmadan Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinin mümkünsüzlüyü və Azərbaycana məğlub olmasının labüdlüyünü İrəvanda da dərk edənlər var. Uzun illər davam edən problemin Ermənistanın öz maraqlarına da uyğun olmadığı, iqtisadi təcrid şəraitinə məhkum olduğu 30 illik təcrübə ilə ortaya çıxdı. Bu baxımdan sülh müqaviləsinin İrəvan üçün də faydalı olacağı şübhə doğurmur.

 

Sülh müqaviləsinin imzalanması Azərbaycan və Ermənistan üçün hərbi-siyasi, sosial-iqtisadi əhəmiyyət daşıdığı qədər Cənubi Qafqaz regionu üçün də geopolitik önəmə malikdir. Məhz Bakı və İrəvan arasında sülhə müvəffəq olmaqla digər siyasi güclərin müdaxilə imkanlarını minimuma endirmək mümkün ola bilər. Burada tarixən təşəkkül tapmış "Qafqaz Evi" ideyası öz aktuallığını yenidən bərpa edir.

 

 

Bu ideyanın böyük potensialı var və Azərbaycan, Ermənistan və Gürcüstandan ibarət olan Cənubi Qafqazın gələcəyi üçün mühüm perspektivlər açır. Sülh müqaviləsinin imzalanmasından, "Qafqaz Evi" ideyasının reallaşmasından sonra Rusiyada və Qərbdəki bəzi dairələrin, İranın, hətta nəzəri olaraq regionla bağlı planları ola biləcək Çin kimi güc mərkəzlərinin təsir fürsətləri effektiv şəkildə azaldıla bilər.

 

Cənubi Qafqazın sülh və sabitlik, rifah və inkişaf bölgəsinə, təhlükəsiz və problemsiz regiona çevrilməsi buranın öz sakinlərini daha çox maraqlandırır və maraqlandırmalıdır. Buna görə də Qafqazı geopolitik maraqların realizasiyası meydanından sakinlərinin gələcəyini işıqlandıracaq imkanlar diyarına çevrilməsini həyata keçirmək Cənubi Qafqaz ölkələrinin öz öhdəsinə düşür. Türkiyənin bu istiqamətdə Qafqazdakı qonşularına dəstəyindən də yararlanmaq vacibdir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var