Modern.az

İlin insan mənzərəsi: Doğumlar və ölümlər necə dəyişib - RƏQƏMLƏR

İlin insan mənzərəsi: Doğumlar və ölümlər necə dəyişib - RƏQƏMLƏR

Analitika

20 Dekabr 2023, 18:00

Müharibələr, təbi fəlakətlər, vacib siyasi hadisələr ili...

 

2023-cü il bir çox məqamları ilə yaddaqalanlığı ilə seçiləcək. Müharibələr, təbi fəlakətlər, vacib siyasi hadisələr bu ilə damğa vurdu. Bəs, görəsən dünyanın geridə qoymağa hazırlaşdığı ilin demoqrafik mənzərəsi necə olub?  Təbii artım, doğum faizləri necə dəyişib və başlıca ölüm səbəbləri hansılar olub?

 

Modern.az mövzuyla bağlı araşdırmanı təqdim edir.

 

Çinli və hindistanlılar necə çoxalır...


 
Əvvəlcə qeyd edək ki, dünya əhalisinin sayı 1999-cu ildə 6 milyarda, 2011-ci ildə 7 milyarda, son illərdə isə 8 milyarda çatıb. Hazırda Çin və Hindistanın hər birinin ayrılıqda təxminən milyard yarım əhalisi var ki, bu, birlikdə dünya əhalisinin 40 faizə yaxınını təşkil edir.

 

Birləşmiş Millətlər Təşkilatının dünya əhalisi ilə bağlı açıqlanmış son statistik məlumatlarına və hesablamalarına görə, ölkələrin ümumi doğum nisbətləri biri - birindən fərqlənib. Belə ki, son rəqəmlər üzrə ən yüksək ümumi doğum nisbətinə malik ölkə 6,75 əmsalı ilə Niger olub.

 

Bu ölkəni 6,22 göstəricisi ilə Çad və 6,20 ilə Somali izləyir. Ümumi doğum səviyyəsinin ən aşağı olduğu ölkə isə 0,87 əmsalı ilə Koreya Respublikası (Cənubi Koreya) olub. Koreyanı 1,04 göstəricisi ilə Sinqapur, 1,14 ilə Andorra və San Marino təqib edir. Dünya üzrə ümumi doğum nisbəti üzrə orta göstərici isə 2,31 təşkil edib.

 

Qoca dünyanın qoca sakinləri…

 

Yenə sonuncu BMT rəqəmlərinə istinad etsək, 27 Avropa İttifaqı üzvü olan ölkənin ümumi doğum nisbətləri ilə bağlı mənzərə belədir: Ən yüksək ümumi doğum nisbətinə malik ölkə 1,79 ilə Fransa olub. Sonrakı sıralarda 1,76 ilə İrlandiya və 1,74 ilə Rumıniya gəlir. Aİ-də ümumi doğum nisbətinin ən aşağı olduğu ölkə isə 1,20 göstəricisi ilə Malta olub.

 

Bu ölkəni 1,29 ilə İspaniya və İtaliya izləyib. Ölkələrin ümumi əhalisi içərisində 0-17 yaş qrupunda olan uşaq əhali nisbətlərinə nəzər salınarsa, uşaq əhalisinin ən yüksək nisbətinə malik ölkə 55,8% ilə Mərkəzi Afrika Respublikasıdır. Bu ölkəni 55,6 faizlə Niger, 54,3 faizlə Çad təqib edir.

 

Uşaq əhalisinin ən az olduğu ölkə 14,2% ilə yenə Koreya Respublikasıdır. Növbəti sıralamada 14,3 faizlə Yaponiya və Sinqapur, 15,3 faizlə İtaliya və Monako var.  Dünyada uşaq əhalisinin orta göstəricisi 30 faiz təşkil edir. Doğularkən gözlənilən ömür müddəti dünya üzrə 71,7, kişilər üçün 69,1, qadınlar üçün isə 74,4 yaş təşkil edib.

 

Ölkələr üzrə müvafiq statistikaya gəlincə, kişilər üçün 85,1 yaş göstəricisi ilə Monako birincidir. Bu ölkəni 83 yaşla Lixtenşteyn və 82,5 yaşla İsveçrə izləyir. Kişilər üçün ən aşağı ömür uzunluğuna malik ölkə 50,3 yaşla Lesoto olub. Bu ölkəni 51,3 yaşla Çad və 52,3 yaşla Mərkəzi Afrika Respublikası təqib edir.

 

Qadınlar üçün müvafiq göstəricidə 88,9 yaşla Monako liderliyini qoruyub. Sırada 87,8 yaşla Yaponiya və 87,1 yaşla Koreya Respublikası var. 
Göstəricinin ən aşağı olduğu ölkə 54 yaşla Nigeriya olub. Siyahıda 54,8 yaşla Çad və 55,9 ilə Lesoto gəlir.

 

Niyə ölürük...

 

Ölüm səbəblərinə gəlincə, hələlik il davam etdiyi üçün mənbələrdə yekun məlumat yoxdur. Lakin müxtəlif araşdırmalara görə, cari ildə son illərin mənfi trendinə uyğun olaraq müharibələr dünya əhalisinin canını alan əsas faktordur. Ötən ildən davam edən Rusiya-Ukrayna müharibəsinə bu il İsrail-Fələstin müharibəsi də əlavə olundu.

 

Bu və digər müharibələrdə gündəlik qaydada insan ölümləri yaşanır. Təəssüf ki, zamanla quru statistikaya çevrilən bu ölüm faktları obyektiv demoqrafik faktorlardan kənar ölümlər kateqoriyasına daxil edilir. Məlumatlara görə, son dövrlər xəstəliklərin artması da ölümə səbəb olan başlıca amillərdən biri kimi çıxış edir.

 

Koronavirus pandemiyası əvvəlki illərdəki təhlükəliliyini itirsə də, öldürməyə davam edir. Bundan başqa, COVID-19-la "yarışan" fərqli viruslar da dünyanın müxtəlif bölgələrində yayılıb. Viruslarla yanaşı, ürək-damar xəstəlikləri, tənəfüs yolu xəstəlikləri, xərçəng və digər ölümcül xəstəliklər də köhnə illərdəki kimi "fəaliyyətinə davam edir".

 

Təəssüf ki, avtomobil qəzaları da ənənəvi olaraq hər il ölüm statistikasında səbəblər sırasında yerini tutur. Son illər qlobal trend şəxsi avtomobillərdən imtinanın stimullaşdırılması və ictimai nəqliyyatın keyfiyyətinin və cəlbediciliyinin artırılması yolu ilə insanları buna təşviq etməkdir. Digər ənənəvi ölüm səbəbi isə cinayətkarlıqdır...

 

2024-cü ildə insanların ən müxtəlif səbəblərdən mənasız yerə həyatını itirməməsi üçün bütün dünya hərəkətə keçməlidir!

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı