Modern.az

Qarabağda sülhün qarantı Rusiya qoşunlarıdırmı? - Şoyqu niyə belə danışır...

Qarabağda sülhün qarantı Rusiya qoşunlarıdırmı? - Şoyqu niyə belə danışır...

Analitika

20 Dekabr 2023, 13:14

Dünən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya toplantısında Qarabağdakı Rusiya sülhməramlılarından danışıb. O, Rusiya ordusunun Qarabağ regionunda "sülhün əsas qarantiyası" olduğunu iddia edib. Suriyadan da bəhs edən nazirin sözlərinə görə, Rusiya qoşunları Suriya və Qarabağda sülhün qorunmasının əsas qarantiyası olmaqda davam edir.

 

Bundan başqa, Şoyqu növbəti ildə də Rusiya hərbi kontingentinə yeni reallıqları nəzərə alaraq Qarabağda "sülhün və sabitliyin qorunmasını təmin etmək" tapşırığı verib. Görünən odur ki, Qarabağ məsələsi sentyabrdakı lokal xarakterli antiterror tədbirlərindən sonra tamamilə tarixə qovuşsa da, Moskva hərbi kontingentini 2024-cü ildə də Qarabağda saxlamaqda israrlıdır.

 

Erməni əhalinin Azərbaycanın təminatlarına və birgəyaşayış və reinteqrasiya ilə bağlı konseptual planının elan edilməsinə rəğmən, könüllü şəkildə bölgəni tərk etməsindən sonra Rusiya sülhməramlılarının Qarabağda qalması üçün zəif və kövrək arqumentlərin də tamamilə öz əhəmiyyətini itirməsi heç kimə sirr deyil. Sülh və sabitliyin təmin edilməsinə gəlincə, Azərbaycan özü bunu etməyə qadirdir.

 

 

Sentyabrda 1 gündən də az çəkən əməliyyatdan sonra əvvəlcə qondarma rejimin qanunsuz silahlı birləşmələrinin buraxılması, sonra isə separatçı qurumun özünü ləğv etmək qərarı - Azərbaycanın özü sayəsində - regiondakı sülh və sabitliyə təhdidi aradan qaldırıb. Azərbaycan Silahlı Qüvvələri uzun illərdən sonra bölgəyə nəzarəti tam öz əlinə alıb. Buna görə də sülh və sabitliyin qarantı Azərbaycan Ordusundan başqası deyil.

 

Üstəlik, hələlik regionda əhali yoxdur. Ermənilər könüllü şəkildə ərazini tərk edib, azərbaycanlılar isə hələlik lokal xarakterli antiterror tədbirləri ilə suverenliyin bərpa olunduğu hissəyə köçməyiblər. Qarabağın həmin hissəsinin heç bir dövlətlə sərhəddə yerləşmədiyi də nəzərə alınarsa, sülh və sabitliyə hansı təhlükədən söhbət gedə bilər? Digər tərəfdən, belə bir sual ortaya çıxır:

 

Əgər Rusiya sülhməramlıları bölgədə sülhün və sabitliyin bu dərəcədə qayğısını çəkirlərsə, əraziyə yerləşdikləri vaxtdan lokal xarakterli antiterror tədbirlərinin keçirildiyi vaxta qədər keçən 3 ilə yaxın müddətdə - 10 noyabr 2020-ci il tarixi ilə 19 sentyabr 2023-cü il tarixləri arasında qondarma rejimi ləğv etmək üçün niyə səy göstərmirdilər?

 

Əksinə, zaman-zaman Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamalar xatırlansa, sülhməramlıların separatçılara silah daşınması üçün yardım göstərməsindən, qondarma qurumun strukturlarının fəaliyyətinə şərait yaratmasından söhbət gedirdi. Separatçıların rəhbərliyi ilə rəsmi şəxs qismində keçirilən görüşlər də yaddan çıxmayıb...

 

 

Azərbaycan öz gücünə məsələni həll etdikdən sonra sülhməramlılar birgə minatəmizləmə, birgə patrul həyata keçirilməsi, elektrik təminatına kömək edilməsi kimi "əsaslar"a söykənərək bölgədə mövcudluğunu qorumağa can atırlar. Rusiya müdafiə naziri Sergey Şoyqunun dünənki açıqlamalarını da bu kontekstdə nəzərdən keçirmək yanlış olmaz.

 

Bir müddət əvvəl Rusiya dövlət başçısı Vladimir Putinin keçirdiyi illik mətbuat konfransında dediyi fikirləri də xatırlamaq yerinə düşər. O, Ermənistan Baş naziri Nikol Paşinyanın 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə imza atdığı Bəyannamədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının əks olunmasından sonra dəfələrlə səsləndirdiyi fikri təkrarlamışdı.

 

Putin Qarabağı Moskvanın yox, İrəvanın tərk etdiyini xatırladıb: "Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların belə bir qərar verməyə hazırlaşdıqları məlumatı verilməyib”. Bu açıqlama da Kremlin məsələ ilə bağlı mövqeyini əks etdirir. Bununla belə, bir məqamı unutmaq lazım deyil.

 

Belə ki, 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanat hər hansı tərəf razılıq verməzsə, Rusiya sülhməramlılarının Qarabağda maksimum 2025-ci ilin noyabrınadək qalmasını mümkün qılır. Yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsindən sonra kənar qüvvələrin problemdən istifadə edərək hər hansı təsir göstərmək imkanları minimuma enəcək...

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı