Modern.az

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir

Aktual

2 May 2024, 13:56

Ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bildiyimiz kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Bakı Prosesi”nin tərkib hissəsidir. Mənəvi-mədəni dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıyan bu təşəbbüs mədəniyyətlərarası dialoq sahəsində dünyada yeganə, çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Forumda 110 ölkənin nümayəndəsi iştirak edib. “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü  ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Dünyada əfsuslar olsun ki, yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Məsələlərin həllində Azərbaycanın öz təcrübəsi var. 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı cənab Prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu, xüsusən multikulturalizmin əhəmiyyətindən söz açdı, Azərbaycanın təcrübəsini bölüşdü. Qeyd etdi ki, “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir”. Dövlətimizin başçısı çıxışında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən də bəhs etdi. Əminliklə deyə bilərik, eləcə də bu, beynəlxalq ictimaiyyət tərəfindən də etiraf olunur ki, Hərəkatın inkişafı, ən parlaq dövrü, təsir imkanlarının artması, söz sahibinə çevrilməsi məhz Azərbaycanın sədrliyi dövründə olub. İrəli sürdüyü təşəbbüslər, gördüyü işlərlə Azərbaycan bu təsisata yeni imic qazandırdı, məsələlərə haqlı yanaşma tərzi ortaya qoydu. Quruma sədrliyimiz ağır bir dönəmə təsadüf etdi, xəstəlik planetin hər yerində tüğyan edirdi, böyük fəsadlara yol açırdı. Belə mürəkkəb şəraitdə Azərbaycan sədr olaraq məsuliyyətlə davrandı, vacib və səmərəli təşəbbüslərlə çıxış etdi, xüsusilə dünyanı ədalətə səsləyərək peyvənd millətçiliyinə qarşı ləyaqətlə mübarizə apardı. Bu gün Azərbaycan dövləti, xüsusən də onun Prezidenti cənab İlham Əliyev dünyada dialoqa, qarşılıqlı anlaşmaya, sülh və təhlükəsizliyə nə qədər misilsiz töhfələr verir.

 

Mədəni irsin qorunması həll edilməli olan problemlərdən biri olaraq qalır. Bu baxımdan münaqişələr və müharibələr hələ də əsas təhlükədir. Parlamentlər mədəni irsin qorunmasının hüquqi və siyasi çərçivəsinin formalaşmasında, onun yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm və məxsusi rol oynayır. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfransda Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın da qeyd etdiyi kimi “İşğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulub. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas prioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Həmin ərazilərdə əsaslı bərpa və quruculuq işləri aparılır, tarixi və dini abidələrimiz bərpa olunur və ya yeniləri inşa edilir”. Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işə böyük töhfə verir. Xüsusilə qeyd olunmalıdır ki, Qərbi Azərbaycan torpaqlarında mədəni irs abidələri hələ də vandalizmə məruz qalır. Ancaq təssüf ki, həmişə olduğu kimi yenə də beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmək istəmirlər. Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Bu baxımdan, Ermənistan oradan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmalı və dağıtdığı Azərbaycan mədəni irsini bərpa etməlidir.

 

Əhliman Əmiraslanov

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi