Modern.az

Lavrovun Bakıda açıqlamaq istəmədiyi vacib MƏQAM

Lavrovun Bakıda açıqlamaq istəmədiyi vacib MƏQAM

1 Mart 2023, 14:08

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bir çox mövzulara toxunub. XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəklədiklərini bildirsə də, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifinə Moskvanın müsbət reaksiya vermədiyini söyləyib.

 

“Laçın dəhlizində nəzarət-buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulmur”, - deyə rusiyalı nazir vurğulayıb.

 

Maraqlıdır, Rusiya Laçın yolunda nəzarət məntəqələrinin yaradılmasını niyə istəmir? 

 

Mövzunu Modern.az-a şərh edən politoloq Tofiq Abbasov söyləyib ki, Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmasına Rusiyanın qarşı çıxması heç nəyi dəyişdirmir.


"Prezident İlham Əliyev bununla bağlı açıqlama veribsə, deməli, həyata keçiriləcək. Rusiya bilir ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Azərbaycan üçün çox önəmlidir. Çünki bizim orada postlarımız olmasa, ermənilər istədiyi kimi təxribatlar törədəcək. Üçtərəfli sazişdə vurğulanan mövzulardan biri də Qarabağda olan hərbi texnikaların və silahlı dəstələrin çıxarılmasıdır. Bu məsələnin həll olunması üç ölkə üçün də vacibdir. Çünki silahlı dəstələr Qarabağda təxribatlar törətdikcə bölgədə vəziyyət gərgin olaraq qalacaq", - deyə T.Abbasov bildirib.

 


Politoloq vurğulayıb ki, Rusiya Ermənistanı tamamilə itirməmək üçün bu cür addımlar atır: 

 

"Rusiya diplomatiyası indi çox ağır durumdadır. Onlar öz səhmlərinin çökməsinin şahidi olurlar. Rusiya Ermənistanı itirməmək üçün belə məsələlərdə onlara dəstək verir. Sergey Lavrov istənilən hadisəyə öz təsirini göstərə bilər. Onu da qeyd etmək lazımdır ki, üçtərəfli bəyannamə imzalandıqda Laçın dəhlizi var idi. Ancaq indi həmin yol Azərbaycanın daxili kommunikasiya vasitəsinə çevrilib. Sergey Lavrov gərək bu cür reallıqları nəzərə alsın. Hətta o özü də qeyd etdi ki, vaxtilə Ermənistana Rusiya tərəfindən 7 rayonun boşaldılması təklif olunub, ancaq onlar qəbul etməyib. Ümumiyyətlə, Rusiya bir tərəfdən dağıdıcı, bir tərəfdən isə qurucu fəaliyyət göstərmək istəyir. Ermənistan Qərbə yönəldiyi üçün Rusiya onun qarşısını almağa çalışır. Lavrov istəyir ki, düşdükləri çətin vəziyyətdən çıxsınlar".

 

Qeyd edək ki, Azərbaycan tərəfi Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması barədə təklif irəli sürsə də, Ermənistan buna müsbət yanaşmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər