Ukraynada həbs olunan "Həyat uğrunda Müxalifət Platformu" partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçuk Rusiya və Ukrayna prezidentlərinə müraciət edib.
Modern.az xəbər verir ki, Medvedçuk dövlət başçıları Vladimir Putin və Volodimir Zelenskiyə müraciətində onu Ukraynanın Mariupol şəhərinin müdafiəçiləri və sakinləri ilə dəyişdirməyi xahiş edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Medvedçukun saxlandığını açıqlayıb. O, Medvedçuku əsir götürülmüş ukraynalılarla dəyişməyi təklif edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Medvedçukun taleyinə nəzarət edəcək və avropalı siyasətçiləri buna çağıracaq.
Partiya liderinin xanımı Marçenko daha sonra "YouTube" səhifəsində Zelenskiyə müraciət edərək ərinin azadlığa buraxılmasını tələb edib. Həmin gün o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan həyat yoldaşının azad edilməsinə köməklik göstərməsini xahiş edib.
Viktor Medvedçuk Rusiya lideri Vladimir Putinin ən yaxın adamlarından hesab olunur.