Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan səfirliyindən bildirilib.
Görüşdə tərəflər iki dost və strateji tərəfdaş olan Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı, qida təhlükəsizliyi və ətraf mühitin qorunması sahələrində də sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulanıb, sözügedən sahələrdə bu əməkdaşlığın qorunub saxlanılması və daha da möhkəmləndirilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsinin vacibliyini və ikitərəfli səfərlərin əhəmiyyətini qeyd ediblər.
Tərəflər həmçinin kənd təsərrüfatı, qida təhlükəsizliyi və ətraf mühitin qorunması sahələrində müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və yeni saziş layihələrinin imzalanması, o cümlədən Kür çayı hövzəsi və trans-sərhəd sularından birgə səmərəli istifadə sahəsində qanunvericilik bazası ilə bağlı fikir mübadiləsi aparıblar. Eyni zamanda, görüşdə ikitərəfli ticarət dövriyyəsində qeyri-neft, xüsusilə kənd təsərrüfatı məhsullarının payının artırılması, bu sahədə hər iki ölkədə keçirilən beynəlxalq sərgi və konfranslarda dövlət və özəl sektor təmsilçilərinin qarşılıqlı iştirakının təşviqi imkanları nəzərdən keçirilib.
Görüşdə hər iki ölkənin çətin günlərdə hər zaman bir-birinə dəstək verdiyi və bu xüsusda, COVID-19 pandemiyası şəraitində ölkələrimiz arasında həmrəylik və əməkdaşlıq qeyd olunaraq, SOCAR-ın Gürcüstanın sosial-iqtisadi sahədə aqro-dizel layihəsi də daxil olmaqla COVID-19 pandemiyası fonunda yerli fermerlərə dəstək məqsədi ilə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olunub.
Tərəflər həm də kənd təsərrüfatı və ətraf mühit sahələrində Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini qeyd edib, ölkələrimiz arasında bu sahələrdə, o cümlədən fındıq istehsalının genişləndirilməsi, Qafqazda vəhşi təbiətin bərpası, biomüxtəlifliyin qorunması və digər bir sıra mühüm layihələrin həyata keçirildiyini vurğulayıblar.