Ukraynanın Azərbaycandakı Səfirliyi növbəti humanitar yardım üçün Azərbaycana təşəkkür edib.
Modern.az xəbər verir ki, bu barədə Səfirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.
"Azərbaycan Rusiyanın hücumundan sonra Ukraynaya 1000 tondan çox mühüm humanitar yardım çatdırıb! Təşəkkürlər, Dostlar!", - paylaşımda deyilir.
Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq məhsullarından ibarət növbəti yardım yola salınıb. Ümumi çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində ərzaq məhsulları daxildir.
Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən cari ilin 27 fevral və 12 mart tarixlərində Ukraynaya, eləcə də 15 aprel tarixində ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2 milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım göndərilib. Beləliklə, Azərbaycan Respublikasının Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat (təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.