Modern.az

Zəfər Qurultayı yeni bir mərhələnin əsasını qoyacaq

Zəfər Qurultayı yeni bir mərhələnin əsasını qoyacaq

Aktual

22 Aprel 2022, 15:42

Dünya Azərbaycanlılarının V Qurultayının mədəniyyətimizin paytaxtında – Şuşa şəhərində keçirilıməsi və “Zəfər Qurultayı” adlandırılması bizi 44 günlük Vətən müharibəsindən qalib çıxaran milli birliyimizin, həmrəyliyimizin növbəti təntənəsidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat Vətən müharibəsindən bir neçə ay öncə, Tovuz döyüşlərindən sonra dünyanın müxtəlif ölkələrində həmvətənlərimizin və Azərbaycanın haqq işinə dəstək verən dost və qardaş xalqların təmsilçilərinin tarixi ədalətin bərqərar olması istiqamətində qeyri-bərabər bir şəraitdə, əzmlə mübarizə apardıqlarına diqqət çəkib: “Həmin günlərdə dünya azərbaycanlıları tarixi Vətənlərinin haqq işinə dəstək verməklə yanaşı, erməni disaporunun gerçək qaniçən simasını da ifşa etdilər, qondarma “məzlum xalq” iddialarının arxasında misli görünməmiş qəddarlığın gizləndiyini bir daha sübuta yetirdilər. Cənab Prezident Dünya Azərbaycanlılarının V Qurultayındakı nitqində bu məqamlara da diqqət çəkdi və qeyd etdi ki, xaricdə yaşayan milyonlarla azərbaycanlı bütün imkanlardan istifadə edərək Azərbaycanın haqq işini, haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda qeyd etdi ki, müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Bu baxımdan, tarixi Vətəninə, xalqına bağlı olan, ürəyi Azərbaycanla döyünən hər bir azərbaycanlı Ermənistanın və dünya erməniliyinin ərazi iddialarının aradan qaldırılması prosesində fəal iştirak etməlidir. Biz milli birliyimiz, Vətənə sevgimiz, prinsipiallığımız və cəsarətimizlə Ermənistanı məğlub etdiyimiz kimi, dünya erməniliyini də məğlub edəcək, tarixi erməni yalanlarının bütün dünyada ifşa edilməsinə nail olacağıq”.

 

Azər Kərimli Dünya Azərbaycanlılarının V Qurultayının Zəfərimizin davamı kimi diaspor quruculuğu prosesində də mühüm stimullaşdırıcı amilə çevriləcəyinə əmin olduğunu bildirib:

 

““Zəfər Qurultayı” Azərbaycan diasporunun, sayı 50 milyondan çox olan dünya azərbaycanlılarının həyatında yeni bir mərhələnin əsasını qoyacaq. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qarşısında dayanan mühün vəzifələrdən biri də işğaldan azad etdiyimiz yaşayış məntəqələrimizin yenidən dirçəldilməsi, Qarabağımızın, Zəngəzurumuzun dünyanın ən gözəl, ən təhlükəsiz və ən firavan guşələrindən birinə çevrilməsidir. Şübhə etmirəm ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə biz dünyanın ən qədim, ən mədəni və böyük xalqlarından biri kimi bu tarixi vəzifənin öhdəsindən də layiqincə gəlməyi bacaracağıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı