Dünyanı uşaqlara verdiyimiz gün hər şeyin daha vicdanlı, daha mərhəmətli, daha sevgi dolu olacağını görəcəyik. Belə çətin zamanda uşaqların qəlbindəki saf sevgiyə, onların həyatımızı gözəlləşdirən təbəssümlərinə, sevincinə, toxunuşlarına hər zamankından daha çox ehtiyacımız olduğuna inanıram.
Modern.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramında iştirakı zamanı bildirib.
Bütün uşaqları bayram münasibətilə təbrik edən Prezident Ərdoğan bildirib ki, 1979-cu ildən etibarən beynəlxalq səviyyədə təşkil olunmağa başlanan bu bayram münasibətilə indiyədək dünyanın 120 müxtəlif ölkəsindən 30 mindən çox uşaq Türkiyədə qonaq olub.
Qeyd olunub ki, müharibələrə və böhranlara son qoymaq, təhlükəsizlik və sülh mühitini genişləndirmək istiqamətində göstərilən səylərin ən mühüm motivasiya mənbəyi uşaqlardır.
Ərdoğanın iştirak etdiyi tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn uşaqlar iştirak ediblər.
Xatırladaq ki, Türkiyədə aprelin 23-ü Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur. 1920-ci il aprelin 23-ü Türkiyənin Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi gündür.