Yaponiya özünümüdafiə qüvvələrinin hərbçiləri və ABŞ dəniz piyadaları cari ilin sentyabr-oktyabr aylarında Hokkaydo adasında iki həftə davam edəcək birgə təlimlər keçirəcəklər.
Modern.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Təlimlərdə ümumilikdə 4 minədək hərbçinin iştirakı planlaşdırılır ki, bu da onun həmin adanın tarixində ABŞ dəniz piyadaları ilə yapon hərbçilərin birlikdə təşkil edilən ən böyük hərbi təlimləri olacağını təsdiq edir.
Qeyd edilib ki, təlimlərin məqsədi Şərqi Asiya regionunda yarana biləcək təhdidlərə qarşı Yaponiya və ABŞ-ın müqavimətini artırmaqdır.
Xatırladaq ki, Yaponiya və ABŞ hərbiçiləri tərəfindən Hokkaydo adasında əvvəlki təlimlər 2021-ci ilin dekabrında keçirilib. Həmin təlimlər vaxtı quruda və dənizdə birgə fəaliyyət, həmçinin aviasiyanın uçuş təlimləri və hərbi helikopterlərin yerdəki hədəfləri vurması məşqləri keçirilib.