Ermənistanın Azərbaycan ərazilərini 30 il müddətində işğalda saxlaması regionun təhlükəsizliyinə və əməkdaşlığa mane olurdu.
Modern.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Azərbaycanın Tacikistanda keçmiş fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi təkcə regional əməkdaşlıq üçün deyil, bütün tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün münbit şərait yaradıb.
Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf etdiyinə diqqət çəkən M.Əliyev bildirib ki, müstəqillik qazandıqdan sonra iki ölkə arasında əlaqələr qarşılıqlı hörmət və inam əsasında inkişaf etməyə davam edib.
M.Əliyev bildirib ki, Azərbaycan və Tacikistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir:
“Bizim regional məsələlərdə mövqelərimiz üst-üstə düşür. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dstəkləyir. Bu gün Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli inkişaf edir. İki ölkə liderləri arasında səmimi münasibətlər bu əlaqələrin inkişafına müsbət töhfə verir”.