Modern.az

Türk adları qədim dünya xəritələrində

Türk adları qədim dünya xəritələrində

Aktual

25 Aprel 2022, 09:36

“Onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”. Prezident İlham Əliyev bu sözləri 2020-ci ilin iyununda  Tərtər rayonunda səfərdə olarkən demişdi. Ermənistanın ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəli olduğunu qeyd edən dövlət başçısı ermənilərin tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. “Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik”

Bundan öncə də dövlət başçısı müxtəlif görüşlərdə qədim xəritələrdə saxlanan həqiqətlərin üzə çıxarılmasına dair məsələnin vacibliyini dilə gətirmişdi. Məsələn, ötən ilin aprelində ADA universitetində təşkil olunan beynəlxalq konfransda xarici politoloqlarla canlı dialoqu zamanı prezident bir daha Zəngəzurun qədim Azərbaycan torpağı olduğunu bəyan edərək bunu xəritələrdə göstərildiyini vurğulamışdı: 

“Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir – 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır”.

TARİXİ FAKTLAR NƏ DEYİR?

Məhz cənab Prezidentin də istinad etdiyi tarixi faktlar göstərir ki, ermənilər Qafqaza çox-çox sonradan gəliblər və heç zaman özlərini erməni adlandırmayıb, milliyyətlərinə həmişə “hay” deyiblər. İndiki Ermənistan və ona yaxın olan ərazilərdə isə vaxtilə “Ərmən” adlı türk tayfaları yaşayıb və bu ərazilər həmin türk tayfalarının adı ilə Ərməniyyə adlandırılıb. Sonradan kütləvi şəkildə İran və Osmanlı imperiyasından bu ərazilərə gətirilən haylar yerli ərmən tayfalarının torpaqlarında özlərinə yer edərək həmin ərazilərin adı ilə “Ərməni”, “ərmənli” adlanmağa başlayıblar. Son dərəcə hiyləgər olan haylar isə zaman-zaman öz məkrli niyyətlərini həyata keçirərək özlərinə aid olmayan millətin adına, tarixinə yiyələniblər. Həmçinin də yaşadıqları yerlərin adlarını da zaman-zaman dəyişiblər.  

Ermənistan dövlətinin meydana gəldiyi ərazi tarixi-coğrafi Azərbaycanın tərkib hissəsidir. Buna görə də bu ərazidə toponimlərin vahid sistemi formalaşıb. Ermənistanın tərkibinə daxil edilən ərazilərdə 1918-ci ildə dövlətin yaranmasınadək Azərbaycan mənşəli toponimlər dominantlıq təşkil etmişdir. Ermənistan (Ararat) Respublikası və ondan sonrakı erməni dövlətləri anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi toponimiya siyasəti həyata keçirməyə başlamışdır. Məqsədyönlü siyasət nəticəsində 1918-ci ildən 1990-cı illərin əvvəllərinə qədər Ermənistandakı 1146 azərbaycanlı yaşayış məskəni ya məhv edilərək yaşayış məntəqələri sırasından çıxarılmış və ya, total şəkildə adları dəyişdirilmişdir. Azərbaycanlıların Ermənistandan tam qovulmasından sonra da, onlara məxsus yer adlarının ləğv edilməsi siyasəti davam etdirilib.

ERMƏNİLƏRİN “QƏDİM XƏRİTƏ YARATMAQ” SƏNƏTİ

Qafqaz Tarixi Mərkəzinin direktoru, araşdırmaçı, tarixçi alim Rizvan Hüseynov ermənilərin tarixi saxtalaşdırmaları mövzusunda erməni mif yaradıcılığının maraqlı bir aspektinə toxunmağı vacib hesab edir. Bu da ermənilərin xəritələri saxtalaşdırmaq və “dənizdən-dənizə Böyük Ermənistan”ı göstərən “qədim” xəritələr yaratmaq “sənəti” ilə bağlıdır. Bir neçə il öncə erməni hoqqabazları Romada Kolizeyin divarlarında yerləşdirilən və Ermənistanın göstərildiyi Roma imperiyasının iki xəritəsini əsas gətirərək ermənilərin qədim xalq olduğunu,  “Böyük Ermənistan”ın guya 2000 ildən də əvvəl mövcudluğunu iddia edirdilər. Halbuki Kolizey divarındakı istinad olunan xəritələr qədim sənətlər deyil, sadəcə turistlər üçü hazırlanmış və daş-beton üzərinə həkk olunmuş xəritələrdir.

Adətən ermənilər bu tip qondarma xəritələri qədim erməni dövlətinin mövcudluğunun təkzibolunmaz sübutu olaraq qeyd edirlər Ermənistanın göstərildiyi “qədim Roma” xəritələrindən sonrakı dövrün bir yığın saxtalaşdırılmış xəritələrini ortaya qoyurlar.

R.Hüseynov deyir ki, əgər ermənilər qədimdən Qafqazda, indiki Ermənistan Respublikasının ərazisində yaşasaydılar, o zaman regionun Rusiya, ingilis, alman və digər xəritələrində şübhəsiz ki, çoxlu sayda erməni yaşayış məntəqələri və adları işarələnməliydi. Lakin hərbi kartoqraflar, diplomatlar və tədqiqatçılar tərəfindən tərtib olunmuş XVII-XIX əsr xəritələrində belə faktlara rast gəlinmir. Bu xəritələrdə hər yerdə Azərbaycan, türk yaşayış məntəqələrinin, dağların, çayların və göllərin adlarına rast gəlinir.

 

Araşdırmaçı “Gülüstan sülh müqaviləsi əsasında sərhədlər üzrə Zaqafqaziya vilayətində 1809-cu ildən 1817-ci ilə qədər hərbi əməliyyatlar xəritəsi”ni (Şəkil1 - Tiflis, 1902-ci il, general-mayor Pottonun redaksiyası altında) misal çəkir. Qeyd edir ki, bu xəritə Rusiya imperiyasının tərkibinə yaxın vaxtlarda daxil olan regionlarda inzibati-siyasi şəraiti göstərmək məqsədilə rus generalı və hərbi kartoqraflar tərəfindən tərtib edilmişdir. “Xəritədə Rusiyanın tərkibinə daxil olan Şirvan, Aderbeycan, Şuşa və Qarabağ xanlıqları, İrəvan xanlığı və digər müstəqil subyektlər göstərilmişdir. O zaman İrəvan xanlığı olan hazırkı Ermənistan ərazisində Göyçə gölü, Zəngi çayı və Arpaçay göstərilmişdir, burada heç bir erməni adı yoxdur”.

 

Şəkil 1: Gülüstan sülh müqaviləsi əsasında sərhədlər üzrə Zaqafqaziya vilayətində 1809-cu ildən 1817-ci ilə qədər hərbi əməliyyatlar xəritəsi

 

 

R.Hüseynov bildirir ki, Rusiyanın Qafqazda istila etdiyi torpaqların ətraflı xəritələri tərtib olunmuşdur. Hərbi kartoqraflar addımbaaddım regionu gəzərək və az-çox əhəmiyyətli yaşayış məskənlərini, çayların, zirvələrin, göllərin və digər coğrafi obyektlərin adlarını qeyd ediblər. Çünki bu cür kartoqrafik dəqiqlik həm hərbçilər, həm də Rusiya hakimiyyəti üçün böyük əhəmiyyət daşıyırdı: “Tiflis, Yelizavetpol və İravan quberniyalarının xəritəsi”nə baxmaq (Şəkil 2- 1899-cu ildə C.Kurakin tərəfindən işlənilmişdir) yetər ki, həmin vaxtlar Rusiya imperiyasının tərkibinə mərhələlərlə daxil olmasından 70-90 il keçməsinə baxmayaraq, XX əsrin əvvəllərində hazırkı Ermənistan torpaqlarında coğrafi adların 90 faizinin Azərbaycan və türk adları olaraq qalmasına əmin olasan”.

 Şəkil 2: “Tiflis, Yelizavetpol və İravan quberniyalarının xəritəsi

 

1903-cü ildə Qafqaz hərbi dairəsinin tərtib etdiyi xəritə daha mükəmməl və genişdir.  Bu, “İrəvan quberniyasının xəritəsi”dir (Şəkil 3 - Qafqaz hərbi dairəsinin hərbi-topoqrafiya şöbəsində tərtib edilmiş və litoqrafiya üsulu ilə çap olunmuşdur, Tiflis, 1903-cü il). Bu xəritə də İrəvan quberniyasında və ermənilərin sıx yaşadıqları Yenibəyazit qəzasında demək olar, bütün coğrafi və inzibati adların məhz Azərbaycan və türk mənşəli olduğunu xırdalıqlarına qədər nümayiş etdirir.

Erməni saxtakarlarının çox vaxt xəritələrdə “Arsax” kimi təsvir etdikləri Qarabağı da xatırlamaq olar. 1823-cü ildə rus və fransız dillərində tərtib olunmuş “Gürcüstanın baş xəritəsi” saxlanmışdır. Bu xəritəyə diqqət yetirdikdə Qarabağ və İrəvan xanlıqlarının ərazisində hansı yaşayış məntəqələrinin adlarının qeyd olunduğunu görmək olar: “Adlar başdan-başa Azərbaycan adlarıdır, ona görə də belə bir sual yaranır: erməni tarixçilərinin yazdıqları kimi “gəlmə köçərilərin” – Osmanlı türklərinin və Azərbaycan xanlıqlarının zülmü altında yaşayan ermənilərin şəhər və kəndləri bəs hanı?”

 

     Şəkil 3: “İrəvan quberniyasının xəritəsi” 1903-cü il

 

Araşdırmaçı alim R.Hüseynov qeyd edir ki, bu cür xəritələr Rusiya və digər xarici arxivlərdə isə daha çoxdur: “Ortaya belə bir məntiqli sual çıxır: əgər erməni tarixçilərinin iddia etdikləri kimi, ermənilər Qafqazda qədim dövrlərdən yaşayırlarsa, onda bəs nə üçün heç bir ciddi dəqiq xəritədə çoxlu sayda erməni yaşayış məntəqələri və coğrafi adları yoxdur? Axı əgər ermənilər minilliklər ərzində bizim regionda yaşayıblarsa, bu, çox böyük sayda inzibati, topoqrafik, coğrafi adlar şəklində, hidronim və toponimlərdə qorunub saxlanmalıydı. Lakin XVII-XIX əsrlərin və daha əvvəlki dövrün xəritələri ilə tanış olarkən əmin ola bilərik ki, adların böyük əksəriyyəti türk mənşəlidir və bu, rus, ingilis, alman, holland və başqa əcnəbi mənbələr tərəfindən də təsdiqlənmişdir”.

Deyilənləri təsdiqləyən növbəti xəritə - Xomannın (XVII əsr) tərtib etdiyi “Rusiya imperiyasının xəritəsi”dir. Burada da qonşu ölkələr, regionlar, o cümlədən həmin dövrdə hələ Çar Rusiyasının tərkibinə daxil olmayan Cənubi Qafqaz göstərilmişdir. Xomannın xəritəsində heç bir Ermənistan yoxdur. Məsələ ondadır ki, XVII əsrdə əhəmiyyətli erməni inzibati vahidi və ya ələlxüsus da erməni dövləti qətiyyən mövcud olmamışdır. Həmin dövrdə Azərbaycanın əhəmiyyəti və onun əhalisi xəritədə çox gözəl əks olunmuşdur: Azərbaycan (xəritədə ADIRBEIZAN) – Səfəvilər dövlətində mərkəzi vilayət; Azərbaycan türkləri – həmin dövrdə həmçinin qızılbaşlar adlananlar (xəritədə KISILBASSE) Səfəvilər dövlətinin titul millətidir, onların dili imperiyanın dövlət dilidir.

Alman xəritəçisi G.V. Zoyterin 1730-cu ildə hazırlanan “Map of Turkey (Ottoman Empire), Persia and Arabia” (Şəkil 4), Amerikanın Boston şəhərində 1835-ci ildə “Persia, Arabia, Tartary, Afghanistan” və Böyük Britaniyanin paytaxtı Londonda “Russia in Europe Part IX and Georgia. Caucasus,Circassia, Astrakhan, Georgia” 1835-44-cü illərdə dərc olunan xəritələrində də İrəvan (indiki Ermənistan) Azərbaycanın ərazisi olaraq qöstərilmişdir.

Şəkil 4: Osmanlı imperiyasının xəritəsi, 1730-cu il

Səfəvilər imperiyasının Azərbaycanda yaradılmasını, onun paytaxtının burada yerləşdiyini sovet tarix elmi də təsdiq etmişdir. Sovet xəritələrində Salarilər dövlətində Azərbaycan ərazisini ətraflı şəkildə göstərilir: Dərbənddən Həmədana qədər, indiki Ermənistan-Türkiyə sərhədindən: Qars və Gümrüdən Gilan vilayətinə qədər. “XIX əsrin birinci yarısında Qafqaz” adlı sovet xəritəsində mərhələlərlə Çar Rusiyasına birləşdirilən Azərbaycan xanlıqları öz əksini tapmış və heç bir yerdə hansısa erməni törəməsi göstərilməmişdir, çünki belə bir şey sadəcə olaraq heç yox idi.

Şəkil 5: 1815-ci ildə tərtib edilmiş ingilis xəritəsi

Həmçinin, 1815-ci ilin ingilis xəritəsi (Şəkil 5) vardır ki, burada da toponimlərin, hidronimlərin və regionların Azərbaycan və türk adları aydın şəkildə göstərilmişdir.

Rizvan Hüseynov bir daha bildirir ki, Qafqazda ermənilərin tarixinin qədimliyi ilə bağlı erməni “dəlil-faktlarının” əksəriyyətini yoxlayarkən bunların düşünülmüş və yaxşı bəzədilmiş saxtakarlıqlar olduğu məlum olur.

Sonda R.Hüseynov onu da qeyd etməyi vacib bilir ki, Ermənistanın Azərbaycan mənşəli toponimlərə qarşı bu cür əməliyyatının öz miqyasına görə, dünya tarixində analoqu yoxdur. Çünki tarixi toponimlərin saxtalaşdırılması, zorən dəyişdirilməsi siyasəti Ümumdünya mədəni və təbiət irsinin mühafizəsi haqqında 1972-ci il Konvensiyasına və digər beynəlxalq sənədlərə tamamilə ziddir.

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Məqalənin məzmunu İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?