Ermənistanın Milli Təhlükəsizlik Xidməti erməni zabitin dövlətə xəyanət cəhdinin üstünün açıldığını bəyan edib.
Modern.az xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, Ermənistan vətəndaşı olan zabit xarici xüsusi xidmət orqanları tərəfindən cəlb olunaraq əməkdaşlığa yazılı razılıq verib və xüsusi xidmət orqanlarının tələbi ilə dövlət sirlərinə dair məlumat toplayıb ötürməyi öhdəsinə götürüb.
Qeyd olunur ki, sözügedən hərbçi 1400 dollar qarşılığında xaricdə akademiyanı bitirmiş tələbə yoldaşlarının, N saylı hissəsinin komanda heyətinin, raket-artilleriya bölməsinin rəhbərliyinin məlumatlarını və mobil telefon nömrələrini təhvil verib.
Adı açıqlanmayan zabitin 44 günlük müharibə zamanı itirilən hərbi texnikanın sayı ilə bağlı məlumatları, raket və artilleriya qurğularının yerləşdiyi yeri, təlimlərin keçirildiyi əraziləri, istifadə olunan hərbi texnika, təlimlərdə iştirak edən rəhbərlik barədə bilgiləri də ölkədən xaricə ötürdüyü bildirilib.
“Həmin hərbçi 44 günlük müharibə zamanı raket batareyasının komandir müavini kimi döyüş tapşırığını yerinə yetirərkən effektiv və məqsədyönlü zərbələr endirməmiş, uzun müddət raketin maskalanması üçün tədbirlər görməmişdir”, - rəsmi məlumatda deyilir.
Eyni zamanda məlum olub ki, sözügedən hərbçi müharibə başa çatdıqdan sonra da xarici kəşfiyyat xidmətlərinin nümayəndələri ilə əməkdaşlığı davam etdirib, bu müddət ərzində o, müəyyən ödəniş müqabilində ölkəyə gətirilən silahların və hərbi hissələrin sayı və növü barədə məlumatları da təqdim edib.
Milli Təhlükəsizlik Xidməti hərbçini 2022-ci il aprelin 20-də dövlətə xəyanətdə şübhəli bilərək saxlayıb. Onun əməlini etiraf etdiyi bildirilir.