Modern.az

Müəllimlər müəllimi haqqında düşüncələr

Müəllimlər müəllimi haqqında düşüncələr

Aktual

28 Aprel 2022, 09:04

Fəlsəfə elmləri doktoru, professor Zeynəddin Hacıyevi  90-cı illərdə tanımışam. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakultəsinin sosiologiya ixtasına qəbul olunduqdan sonra fakultənin siması olan müəllimlərlə tanış olmağı həsrətlə gözləyirdik.O dönəmdə fəlsəfəyə maraq sonsuz idi. Filosoflarla canlı ünsiyyət ehtiyacımız çox idi. Fakültəmizdə fəlsəfənin avtoriteti xüsusi idi. Bu həm də onunla bağlı idi ki, fəlsəfəni tədris edən alimlərin hər biri bir məktəb idi. Professor Əddin Şakirzadə, professor Zakir Məmmədov, akademik Fuad Qasımzadə, professor Məmmədəli Zeynalov, professor Əziz Məmmədov, professor Zümrüd Quluzadə, professor Cəmil Əhmədli, professor Həmid İmanov və professor Zeynəddin Hacıyev. Onların təkcə danışığı deyil, bədən dilləri, rəftarları biz tələbələrin müzakirə mövzumuz olmaqla bitmir, bir sıra tələbələr üçün ideal obraza, kumirə çevrilirdi. Müəllimlərimizin bir-birilə dərsdən kənar söhbətləri də elmi müstəvidə olub bəzən də kəskin fikir dartışmaları ilə müşahidə olunardı. Onlar bir birilə razılaşmadıqları məqamda belə qarşı tərəfin qüdrətini etiraf edər və bizlərə deyərdilər ” ...o böyük alimdir...” Yaxşı yadımdadır bir dəfə  sosial fəlsəfə dərsini tədris etməyə gələn gənc bir müəllimi  sınamaq üçün  ona bir sual ünvaladıq ”müəllim sosial fəlsəfə ilə fəlsəfi sosiologiyanın sərhədləri necədir?” Hay-küylü 90-cı illərin tələbələri kimi bizim belə davranışlarımız tez-tez olurdu.İllah da o müəllim təkəbbürlü, sərt ritorika ilə danışanda.Sual qarşısında aciz qalan müəllim “bilmirəm” deyər-deməz “onda özün haqqında qərar ver” dedik .Müəllim vəziyyəti başa düşüb auditoriyanı dərhal tərk etdi.Az keçməmiş  kafedra müdiri içəri daxil oldu ( Həmid İmanov).” …sizə yaxşı bir alim göndərəcəm nə sualınız var ona ünvanlarsız, mənə  də sual verməyin ha.. deyib çöhrəsində gülüş bizi tərk etdi.Və budur növbəti dərs Professor Zeynəddin Hacıyev auditoriyaya daxil oldu, davamiyyəti yoxladı, jurnalı qaydaya salıb bizə xitabən ” hə, indi nə sualınız var buyurun  verin”- dedi. İlk olaraq bizim o gənc müəllimə  ünvanladığımız sualı yüksək elmi əsaslarla cavablandırdı, sonra digər sualları.Və biz gördük ki,  necə böyük erudisiya, dərin mütaliəsi olan, fəlsəfi paradiqmalara, nəzəriyyələrə yaxından tanış olan, sovet elmi məktəblərlə müasir fəlsəfi yanaşmaları müqayisəli təhlil etməyi bacaran bir alim qarşımızdadır.Bəli universitetə yaraşan, onun siması olan bir alim vizionu  ilə heyrətləndirməyi ilk gündən bacardı Zeynəddin müəllim.O tez-tez fəlsəfi problem qoyur, problemlə bağlı ayrı-ayrı alimlərin, filosofların qütbi əks mövelərini bizə çatdırır və onları mühakimə etməyi ixtiyarımıza buraxır, çətinə düşdüyümüzü görəndə müdrik müdaxiləsi ilə qaranlıqları aydınladır, beləcə hikmət sənəti olan fəlsəfəni sevdirirdi bizə.Baxmayaraq ki , bu gün bir çox filosofların da etiraf etdiyi kimi, fəlsəfə bir sıra elm sahələrinin ondan ayrılması nəticəsində Kral Lir taleyini yaşamaqdadır,ancaq  professor Zeynəddin Hacıyevin bir mühazirəsini dinləmək yetər ki, fəlsəfənin cəmiyyət və dövlət həyatında dəyərli bir dünya görüşü, elm sahəsi kimi əhəmiyyətinin fərqində olaq.

 

Sonralar tale elə gətirdi ki, elmi tədqiqatla məşğul olmağa başladım. Zeynəddin müəllim hər daim mənim üçün yüksək insani keyfiyyətləri, filantrop dəyərləri, qayğıkeşliyi ilə bir daha kəşf olunurdu. Tədqiqat aparan zaman məsləhətləri, işıqlı tövsiyyələri ilə, harda olurdu, hansı məclisə düşürdü məni və mənim kimi gəncləri nişan verirdi və bizə qayğısını əsirgəmirdi. Böhranlı situasiyalarda, dar macallarda  Zeynəddin müəllim həmişə gəncliyin yanında oldu.Elə bil  məşhur şer bəndi onun kimi insanlar üçün yazılıb”…arxalıya arxa durma deyəllər ki, yamaqdı, arxasıza arxa dur ki, qoy desinlər dayaqdı…” Bəli, Zeynəddin müəllim arxasızlara arxa durmağı bacaran dayaq olub həmişə. O, gözəl müəllim olduğu qədər də örnək şəxsiyyət, həqiqəti hər daim üzə deməyi bacaran bir insan olub, hətta bu həqiqət ona taleyüklü problem yarada bilsə belə. 

 

Onun keçdiyi yol bir həyat məktəbidir, həm də şərəfli bir həyat məktəbi. Professor Zeynəddin Hacıyev 1941-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olub.  Orta məktəbi bitirdikdən sonra, 1958-1960-cı illərdə kolxozda sıravi kolxozçu işləyib. 1960-cı ildə ADU-nun tarix fakültəsinə qəbul olub, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1965-1969-cu illərdə ADU-nun Fəlsəfə kafedrasında əyani aspirant olub. 1966-cı ildə ordu sıralarında qulluq edib. 1969-cu ildə “Siyasət ilə əxlaqın qarşılıqlı münasibətləri” mövzusunda namizədlik, 1993-cü ildə “Elmi-texniki tərəqqi ilə sosial dəyişikliklərin dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1969-1981-ci illərdə ADU-da müəllim, baş müəllim və dosent vəzifələrində işləyib. 1982-1987-ci illərdə Kirovabadda (indiki Gəncə) Azərbaycan Texnologiya İnstitutunda Fəlsəfə kafedrasının müdiri olub. 1988-ci ildən hal-hazıra qədər BDU-da fəlsəfə kafedrasında çalışır. Fəlsəfə elmləri üzrə 7 namizədlik dissertasiyasına elmi rəhbər olub. 4 dərsliyin, 4 monoqrafiyanın, 60-dan yuxarı  məqalənin və tezisin müəllifidir. Müəllimlər müəllimi olan  professor Zeynəddin Hacıyevin böyük elmi məktəbi vardır.

 

O, bu gün sosial strukturun dəyişilməsi «Sosial fəlsəfədə mənəvilik, şəxsiyyətin azadlığı problemləri üzrə elmi tədqiqat işi aparır.Onun “Keçid dövrü və sosial dəyərlər”, “Sosial idrakda həqiqət ilə dəyərin münasibəti”,«Mənəvilik anlayışının fəlsəfi mahiyyəti»,«Azadlığın strukturunda dəyərlər seçiminin rolu»,  «Sosial tərəqqinin meyarı məsələsinə dair», «Fərd sosial əlaqələr sistemində», «Sosial fəlsəfənin funksiyalarına dair»,  “Sosial-iqtisadi proseslərdə dəyərlərin rolu”,“Sosial məkan və sosial zamanın ontoloji əsasları”, “Sosial idrakda həqiqət problemi”, “Multikultural proseslərin nəzəri mənalandırılmasında anlama prosedurunun rolu” kimi samballı məqalələri nüfuzlu jurnallarda nəşr olunmuşdur.Professor Zeynəddin Hacıyevin   “Sosial fəlsəfə”,“Fəlsəfə”,“Məntiq”,«Ontologiya və idrak nəzəriyyəsi» adlı  dərslikləri fəlsəfənin tədrisində əhəmiyyətli vəsait kimi istifadə olunmaqdadır. 

 

Bu gün professor Zeynəddin Hacıyev, eyni zamanda Sosial iş kafedrasının nəzdində fəaliyyət göstərən Sosioloji tədqiqatlar labaratoriyasında böyük elmi işçi kimi çalışır. Onun  bu günlərdə “ Sosial iş və  fəlsəfə” adlı elmi seminardakı məruzəsi həm samballı tədqiqat işi , həm də gənc müəllimlər və doktorantlar üçün qiymətli bir ustad dərsi oldu.Professor Zeynəddin Hacıyevin elmi məktəbindən, pedaqoji bacarıqlarından, örnək şəxsiyyət keyfiyyətlərindən öyrəniləsi çox dəyərlər vardır.

 

Zeynəddin müəllim həm də gözəl ata , əsl valideyindir. O bu gün də övladları üçün etibarlı göz olub ( valid etibar, eyn göz deməkdir), övladları üçün  şam kimi yanır, onların qayğısına qalır.

 

Dəyərli müəllim, görkəmli alim, örnək insanı ad günü münasibətilə  təbrik edir, can sağlığı, şərəfli fəaliyyətində tükənməz enerji və uğurlar arzulayıram.

 

Üzeyir Şəfiyev

BDU Sosial iş kafedrasının müdiri , dosent

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı