Füzuli rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin və Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə keçirilən tədbir Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində reallaşıb.
Əvvəlcə RİH-nin başçısı Alı Alıyev bir qrup həkimlə birlikdə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Zərifə Əliyevanın fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirilib.
Tədbir başlamazdan əvvəl Zərifə Əliyevanın, Ulu öndər Heydər Əliyevin, eləcə də bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Alı Alıyev Zərifə Əliyevanın elmi fəaliyyətindən söz açmaqla yanaşı, onun Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Prezident İlham Əliyevin anası olaraq Azərbaycan xalqı üçün unudulmaz və çox dəyərli şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Digər natiqlər də çıxışları zamanı Zərifə Əliyevanın yüksək insani keyfiyyətlərindən, oftalmologiya elminə gətirdiyi yeniliklərdən, əsl Azərbaycan xanımına xas olan mənəvi üstünlüklərindən bəhs ediblər.
Daha sonra Zərifə Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Sonda rayon mədəniyyət evinin hazırladığı konsert proqramı təqdim olunub.