Modern.az

Müharibə hələ bir neçə ay davam edəcək – Putinin gizli HƏDƏFLƏRİ

Müharibə hələ bir neçə ay davam edəcək – Putinin gizli HƏDƏFLƏRİ

Aktual

30 Aprel 2022, 15:53

Rusiyanın Ukraynada başlatdığı müharibə 2 aydan çoxdur davam edir. Müharibənin uzanması hər iki tərəflərdən canlı qüvvə və hərbi texnika sarıdan itkilərin artmasına gətirib çıxarır. Dünya güclərinin təkidlərinə baxmayaraq, Rusiya geri çəkilmək niyyətində deyil. 

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirib ki, Ukraynadakı əməliyyat yalnız məqsəd və vəzifələr yerinə yetirildikdə başa çatacaq. “Məqsədlər reallaşandan və nəticələr olandan sonra əməliyyatlar bitəcək”, - deyə nazir Moskvanın konkret mövqeyini ortaya qoyub.

 

Maraqlıdır, Rusiya iki ayda nail ola bilmədiyi məqsədinə nə vaxt çatacaq? 

 

 

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Ukraynada hərbi əməliyyatların nə vaxt bitəcəyinə dair qəti proqnozlar vermək çətindir:


“Biz dəqiq bilmirik ki, Rusiyanın hədəfi nədir. Bir neçə dəfə Rusiya dolayı yolla açıqlamalar verir ki, onların məqsədi nədir. Ümumi fikirlərlə kifayətlənirlər. Məsələ ilə bağlı ancaq şərhlər eşidilir. Rusiyanın məqsədinə çatıb-çatmayacağı barədə proqnoz vermək müəmmalı görsənir. Rusların əməliyyatlarına baxanda, yəni müharibənin gedişatına baxanda, ilkin hədəfin Ukraynanın Qara dənizə çıxışını kəsmək olduğu görünür. Digər yandan hədəflər Donbass, Luqansk və Donetsk vilayətlərini tam ələ keçirməkdən ibarətdir. Əlbəttə, Kırım, Donetsk və Luqansk arasında quru dəhlizlərini əldə saxlamaq hədəflər sırasındadır. Göründüyü kimi, məqsəd budursa, Rusiya tərəfi Donetsk və Luqansk ərazilərini, eləcə də Odessa vilayətini tamamilə ələ keçirməyi planlaşdırır".

 

 

Politoloq hesab edir ki, Rusiyanın tez bir zamanda hədəflərinə çatması qeyri-mümkündür:


“Odessa vilayətinin ərazisi çox böyükdür. Orada böyük qoşun qruplaşmaları var. Eyni zamanda, Donetskdə də çox böyük qoşun qruplaşmaları mövcuddur. Ona görə düşünmürəm ki, mayın 9-a kimi Rusiya hədəflərinə çatsın. Amma ortada piar məsələsi daha çox diqqət çəkir. Bu mənada ola bilsin ki, Rusiya əsas məqsədlərinə çatdığını və qələbəsini elan etsin. Əlbəttə, bütün bunlar piar ola bilər”. 


İ.Vəlizadənin fikrincə, müharibənin nə qədər davam edəcəyi Rusiyanın məqsədindən asılıdır:

 

“Əgər Rusiya Ukraynanı tamamilə ələ keçirmək istəyirsə, onda müharibə 2-3 aya bitməyəcək. Rusiya yaxın məqsədlərə, yəni Odessanı ələ keçirməklə Ukraynanın Qara dənizə çıxışını kəsmək istəyirsə, mən düşünürəm əməliyyatlar hələ bir neçə ay davam edəcək. Bir sözlə, Rusiyanın hədəflərinə çatması asanlıqla olmayacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?