Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisi, Quriya və İmereti bölgələrində qanunsuz odlu silah və döyüş sursatları aşkar ediblər.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 6 nəfər saxlanılıb.
Qeyd edilib ki, qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü şəxs yaxalanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin yaşayış evinə baxış zamanı maddi sübut kimi “Makarov” sistemli odlu silah, döyüş sursatı və 15 ədəd patron götürüblər.
Quriya rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaq ittihamı ilə 1963-cü il təvəllüdlü şəxsi həbs ediblər. O, Çoxatauri bələdiyyəsinin kəndlərindən birində həbs edilib. Polis onun evinə baxış zamanı “Kalaşnikov” avtomatı, “Vinçester” tipli ov tüfəngi, tapança və 20 ədəd patron ələ keçirib.
Həmin idarənin Özürqəti rayon şöbəsinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq və saxlamaqda təqsirli bilinən 1968-ci il təvəllüdlü şəxsi də həbs ediblər. Təqsirləndirilən şəxsin evinə baxış zamanı maddi sübut kimi iki lüləli ov tüfəngi, 1 ədəd tapança və 15 ədəd patron götürülüb.
İmereti, Raça-Leçxumi və Kvemo Svaneti rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü şəxsi də saxlayıblar. Onun evinə və mağazasına baxış zamanı “Kalaşnikov” avtomatı, bir tapança, iki avtomat və 30 patron aşkar edilib.
Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Zuqdidi və Tsalenjixa rayon bölmələrinin əməkdaşları əvvəllər oğurluğa görə məhkum olunmuş 1967-ci il təvəllüdlü şəxsi qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq-saxlamaq-daşıma ittihamı ilə həbs ediblər. Polis saxlanılan şəxslərin şəxsi və nəqliyyat vasitələrinə baxış keçirərək, maddi sübut kimi 2 tapança və patron götürüb.
Faktla bağlı odlu silah və döyüş sursatlarının qanunsuz alınması və saxlanması itihamı ilə Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə cinayət işi açılıb. Sözügedən şəxsləri 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir.