"Çox güman ki, bu həftə cənab Putinlə telefon danışığımız olacaq".
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bayram namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
"Arzumuz odur ki, liderləri İstanbul və ya Ankarada bir araya gətirək. Ukraynanın şərqində atılacaq addımların həll nöqtəsi Türkiyə olacaq. İstanbul və Ankara burada vacib rol oynayacaq", - deyə Ərdoğan vurğulayıb.
Türkiyə lideri Putinlə taxıl ixracı məsələsini də müzakirə edəcəyini söyləyib:
"Təbii ki, istər Ukrayna tərəfindən olsunlar, istərsə də Rusiya tərəfindən taxıl ixracında dəstək istəyirlər. Biz Putinlə bu məsələləri müzakirə edərək, yolu açmağa çalışacağıq. Cənab Putin bu məsələlərə çox həssas yanaşır. O, əlindən gələn dəstəyi verəcəyini bildirib".