Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük etimad göstərərək 4 may 2022-ci il tarixli sərəncamı ilə məni ölkəmizin Bosniya və Hersoqovinada Fövqəladə və Səlahiyyətli səfiri təyin edib.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Vilayət Quliyev bildirib.
V.Quliyev qeyd edib ki, bu münasibətlə tanıdığı və tanımadığı yüzlərlə insan sosial şəbəkə vasitəsi ilə təbriklərini çatdırıb, gələcək fəaliyyətilə bağlı xoş arzularını bildirib.
"Hər kəsə səmimi təşəkkürümü, minnətdarlığımı yetirirəm. Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın ümdə məqsədi olacaq",- səfir əlavə edib.