Hər hansı ölkənin beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, malik olduğu nüfuz və statusu bilavasitə həmin ölkənin liderindən, onun apardığı siyasətdən asılıdır. Çünki dövlət başçısı ölkənin beynəlxalq aləmdəki təmsilçisidir. Bu baxımdan deyə bilərik ki, hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status cənab prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi olması, əsl liderə xas olan xüsusiyyətləri Azərbaycanın beynəlxalq münasibətlər sistemində söz sahibi olmasına, mövqeyinin möhkəmlənməsinə, nüfuzunun davamlı şəkildə artmasına səbəb olmuşdur. Ölkəmizin qısa müddət ərzində keçdiyi böyük inkişaf yolunun, əldə etdiyi çoxsaylı və irimiqyaslı uğurların müəllifi məhz İlham Əliyevdir.
Cənab Prezidentin apardığı xarici siyasət həm regional, həm də qlobal əhəmiyyət daşıması ilə seçilir. Məhz buna görədir ki, Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, Avropa ilə Asiyanı siyasi, iqtisadi və mədəni cəhətdən birləşdirən regional güc mərkəzinə çevrilmişdir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət dünya miqyaslı siyasi-iqtisadi proseslərin gedişatına həlledici təsir göstərmək gücündədir. Görkəmli siyasi xadim olan İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüsləri ilə də daim seçilir. Bu bir daha sübut edir ki, cənab prezidentin siyasi fəaliyyətinin təsir dairəsi yalnız Azərbaycanı deyil, bütün regionu və hətta dünyanı əhatə edir.
Heç kəsə sirr deyil ki, apardığı müdrik siyasətlə Azərbaycanı qüdrətli bir dövlətə çevirmiş İlham Əliyevin bu illər ərzində əsas hədəfi erməni işğalına son qoymaq idi. Böyük siyasi lider buna çox uğurla nail oldu. Ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm qələbə şübhəsiz ki, bu düşünülmüş siyasətin layiqli nəticəsidir.
Vətən müharibəsi ərzində İlham Əliyev təkcə səngərdə deyil, eyni zamanda, informasiya cəbhəsində aparılan müharibənin Ali Baş Komandanı idi. Cənab prezident verdiyi bəyanatlarla Azərbaycanın haqq səsini dünya mediasına və dünya birliyinə çatdırdı və bununla siyasi müstəvidə aparılan müharibənin də qalibi oldu.
Post-münaqişə dövründə də Prezident İlham Əliyev dünyanın beyin mərkəzlərinin nümayəndələri, media mənsubları ilə görüşlər keçirir, onları maraqlandıran bir çox sualları cavablayır, həqiqətləri dünya ictimaiyyəti qarşısında dəfələrlə bəyan edir. Azərbaycanın ikili standartlarla, ədalətsizliklə üzləşən dövlətlərdən olduğunu nəzərə alaraq deyə bilərik, bu görüşlər olduqca böyük siyasi əhəmiyyətə malikdir.
Münaqişə bitsə də, bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş ədalətsiz münasibət, ikili standartlar hələ də davam edir. Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqları olan Qarabağda törətdiyi qanunsuz əməllərə, ağılasığmaz vəhşiliklərə hələ də dünya birliyi, beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməməsi ölkəmizə qarşı yönəlmiş ikili standartların təzahürüdür.
İkili standartların növbəti bariz nümunəsini bir sıra qlobal təşkilatların timsalında görə bilərik. Məsələn, dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş YUNESCO Ermənistanın işğalçılıq dövründə Azərbaycan ərazilərində xalqımıza məxsus mədəni irsi dağıtmasına, məhv etməsinə laqeyd yanaşmış, “siyasi məsələlərlə məşğul olmamaq” adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etmişdir. Yalnız Azərbaycan öz torpaqlarını düşmən işğalından azad etdikdən sonra isə bu təşkilat fəallaşmış və “erməni tarixi irsinin” müdafiəsinə qalxmışdır.
Cənab prezident İlham Əliyev hər zaman çıxışlarında bu beynəlxalq qurumların fəaliyyətində yol verdiyi ikili standartları ifşa edərək Azərbaycanın məruz qaldığı haqsızlıqları dünya qarşısında bəyan edir.
Bu gün bütün dünyada olduqca gərgin və ziddiyyətli proseslərin getdiyi, ciddi geosiyasi savaşların baş verdiyi bir dövrdə beynəlxalq aləmdə söz sahibi olmaq, ölkəni dinamik şəkildə inkişaf etdirmək, dünya dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və bütün bunların nəticəsi olaraq, otuz ilə yaxın müddətdə düşmən işğalı altında qalmış torpaqları azad etmək, əlbəttə ki, misilsiz tarixi nailiyyətdir.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı