Cümhuriyyətin elan edilməsi ilə Türkiyə demək olar ki, bütün sahələrdə böyük inkişaf prosesinə daxil olmuşdu. Aviasiya sənayesi və bu sahənin inkişafı əsas prioritetlərdən biri idi.
Modern.az bildirir ki, Mustafa Kamal Atatürk Türkiyədə aviasiyanın inkişafına böyük əhəmiyyət verirdi. Buna görə də 7 sentyabr 1925-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 3,5 milyon lirə sərmayəsi olan şirkət quruldu.
Şirkətin səhmlərinin 51%-i Türkiyə Milli Müdafiə Nazirliyinə, 49%-i Almaniyanın "Junkers" təyyarə zavoduna məxsus idi. O zaman Kayseri təyyarə zavodu üçün lazım olan materiallar Almaniyadan gətirilirdi.

6 oktyabr 1926-cı ildə dövlət mərasimi ilə açılan zavod 6 anqarda 50 türk və 120 alman işçisi ilə istehsalata başlayıb. Türkiyədə inşa edilən müəssisə o zaman dünyanın ən böyük təyyarə zavodlarından biri sayılırdı.
Almaniya şirkəti iki il sonra səhmlərini Türkiyə Aviasiya Birliyinə təhvil verdi. Bir müddət sonra zavod istehsalı dayandırdı.
Xatırladaq ki, 1930-cu ildə yenidən açılan Kayseri təyyarə zavodunda 1942-ci ilə qədər 7 fərqli modeldə cəmi 212 təyyarə istehsal edilib. 1940-cı illərdə ABŞ-ın Türkiyəyə etdiyi "Marshall" yardımının təsiri ilə təyyarə zavodunda əvvəl istehsal dayandırıldı, sonra müəssisə Hava Təchizat və Təmir Mərkəzi kimi fəaliyyət istiqamətini dəyişdi.