Modern.az

Qarabağa yenidən həyat qayıdacaq

Qarabağa yenidən həyat qayıdacaq

Aktual

9 May 2022, 17:28

Tarixi minilliklərlə ölçülən Vətənimiz Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Xüsusilə Qarabağ özünün qədim tarixi, milli-mədəniyyət abidələrinin zənginliyi ilə seçilir. Lakin işğalçı və təcavüzkar dövlət olan Ermənistan Qarabağı işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində bu qədim diyarı viran qoyub. Mənfur düşmən şəhərlərimizi yerlə-yeksan edib.

 

Ermənilər Azərbaycan torpaqları olan Qarabağda qanunsuz əməllər, ağılasığmaz vəhşiliklər törədiblər. Onlar milli irsimizi kütləvi surətdə məhv etmiş, yaşayış yerlərimizi talamış, qədim tarixi-dini abidələrimizi dağıtmış, bir qismini isə saxtalaşdıraraq erməniləşdirmişdirmişlər. Ermənilərin törətdiyi bu vandalizmi hətta sivilizasiyadan kənar xalqlar belə törətməzdi.

 

Ermənilərin Qarabağda törətdikləri əməllər, milli irsə, ətraf mühitə vurduqları zərər müharibə cinayətidir. Nüfuzlu beynəlxalq təşkilatlar bununla bağlı çoxsaylı qətnamələr qəbul etsələr də, təəssüf ki, Ermənistan bu bədxah və insanlığa zidd əməllərinə görə hələ də layiqli cəzasını almayıbdır.

 

44 günlük Vətən müharibəsində Azərbaycan öz əzəli torpaqlarını düşmən işğalından azad edərək ermənilərin Qarabağda törətdikləri bu vəhşiliklərə son qoydu. İndi isə vətəndaşlarımızın öz torpaqlarına qayıda bilməsi üçün burada əsaslı bərpa işləri aparılır, şəhərlər, kəndlər yenidən qurulur, şəhərlərin baş planları hazırlanır.
Bildiyimiz kimi, Zəngilan erməni vandalizminə ən ağır şəkildə məruz qalmış şəhərlərimizdəndir. Belə ki,  ermənilər burada bütün şəhər və kəndləri yerlə-yeksan etmiş, yalnız bir neçə binanı hərbi məqsədlə istifadə etmək üçün saxlamışlar.

 

Artıq Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işlərinə başlanmışdır. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Qeyd edək ki, bu abidəmiz də erməni vəhşiliyinin qurbanı olmuş, məsciddən cəmi bir divar qalmışdı. 

 

Beləliklə, aparılan yenidənqurma tədbirlərindən sonra Zəngilan məcburi köçkünlərin qayıtdığı ilk rayonlardan olacaqdır. 

 

Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində təkcə tarixi abidələrimizə, milli irsimizə qarşı deyil, eyni zamanda, ətraf mühitə, ekologiyaya qarşı da genosid törətmişdir. Meşələri yandıran, qiymətli və nadir ağac növlərini, təbiət abidələrini, Qarabağın zəngin flora və faunasını məhv edən  düşmən ətraf mühitə külli miqdarda ziyan vurmuşdur. Ümumilikdə, əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında düşmən meşələri kütləvi surətdə qırmışdır.

 

Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi hesab edilən Bəsitçay təbiət qoruğunun böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı olmuşdur. Ermənilər Bəsitçay qoruğunda hətta 300 illik ağacları məhv etmişlər. Artıq Bəsitçay təbiət qoruğunun bərpası da  başlayıb.

 

Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənilər Oxçuçayı zəhərləməklə bütövlükdə Zəngilan, Araz çayı hövzələri və Xəzəryanı ölkələrin təbiət və heyvanat aləminə ciddi ziyan vurmuşlar. Uzun illər ərzində onlar Ermənistanda istismar edilən mis kombinatının bütün axıntılarını Oxçuçaya təmizlənmədən ötürmüşlər. 

 

Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Qızıl yataqlarının istismarı üçün Kəlbəcərin təbiətinə ciddi ziyan vurulmuşdur. Ermənistan törətdiyi bütün dağıntılara, etdiyi müharibə cinayətlərinə görə beynəlxalaq hüquq qarşısında cavab verməlidir. Cənab Prezident İlham Əliyev çıxışlarında erməni vandallarına bu barədə xəbərdarlıq da etmişdir: "Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir".

 

Biz əminik ki, işğalçı Ermənistanın məhv etdiyi Qarabağı əsl sahibləri yenidən dirçəldəcək. Bütün şəhərlərimiz və kəndlərimiz qısa müddət ərzində bərpa ediləcək və Qarabağa yenidən həyat qayıdacaq.

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı