İrəvan küçələrində çəkilən reportaj zamanı Ermənistanda yaşayan və uzun müddət Gəncədə yaşayan erməni əsilli sakin Azərbaycanla bağlı fikirlərini bölüşüb.
Modern.az xəbər verir ki, sosial mediada yayılan görüntülərdə o, Azərbaycanın zəngin, yaşıl və qonaqpərvər ölkə olduğunu deyib:
“Kiməsə müraciət etsən, insanlar həmişə kömək əlini uzadarlar”.
Həmin şəxs Azərbaycanda – Gəncədə (keçmiş Kirovabad) doğulub boya-başa çatdığını bildirib. Müsahib milliyyətcə erməni olduğunu gizlətməyib və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını arzuladığını vurğulayıb.
“İstəsək də istəməsək də yan-yana yaşayacağıq. Ona görə ticarət etmək lazımdır. Biz ora getməliyik, onlar da bura gəlməlidir”, - deyə o qeyd edib.
Azərbaycan dilini çox yaxşı bildiyini deyən müsahib sonda azərbaycanca belə müraciət edib:
“İrəvandan Azərbaycan xalqına çox salam”.