Mayın 13-də “Hilton” mehmanxanasında Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib, “PAŞA Holding”lə “LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalanıb.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Kollegiyanın sədri Anar Bağırov vəkillərin sayında müşahidə olunan dinamik artım, peşə hazırlığının gücləndirilməsi barədə ətraflı məlumat verib.
Sədr qeyd edib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi baxımından əhəmiyyətli şəkildə genişləndirilib və bu müddət ərzində ümumilikdə 17 test imtahanı təşkil olunub. Həmin imtahanlarda 7 000-dən çox namizəd iştirak edib, onlardan 2 103 nəfəri icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və Kollegiyanın üzvü olub.
Diqqətə çatdırılıb ki, bugünkü mərasimdə daha 64 namizəd təntənəli şəkildə and içərək Kollegiyanın sıralarına qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 950 nəfərə çatıb. Yeni qəbul edilən vəkillərdən 43 nəfəri kişi, 21 nəfəri qadındır. Onlardan 4 nəfəri regionlarda, 60 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni üzvlərin qəbulu nəticəsində qadın vəkillərin sayı 670 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.
Namizədlər sırasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini olmuş Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd də yer alır.